Reading view

“Bu qədər qol buraxmaq istəməzdik” – Con

“FIFA Series 2026” yoldaşlıq turnirində keçirilən Azərbaycan – Sent Lüsiya oyunundan (6:1) sonra qonaq komandanın baş məşqçisi Störn Con jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşdü…

– Belə nəticəni gözləyirdinizmi?
– Bu nəticəni gözləmirdim. İlk dəqiqələrdə penalti oldu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan.

– Bir oyundan ötrü bu qədər məsafə qət edib, Azərbaycana gəlməyə dəyərdi?
– Məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək məyus edir.

– Azərbaycan millisinin tarixinə düşdünüz. Bu, yığmamızın ən böyük hesablı qələbəsi oldu.
– Azərbaycan yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. oyundan əvvəl də demişdim ki, ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

– Oyun planında Azərbaycan yığmasından nə gözləyirdiniz və nə gördünüz?
– Oyundan əvvəl rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc oyunçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik.

Şahin Cəfərov

 

❌