Reading view

Ayxan Abbasov: “Turnirin qalibi olduğumuz üçün sevinirik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Syerra Leone yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilmiş final oyunundan (1:1, penaltilərlə 9:8) qalib ayrılıb.

Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək UEFA Millətlər Liqasına hazır olmağa çalışacağıq.

Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik. Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradırlar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. UEFA Millətlər Liqasındakı rəqiblərimizi də təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq”.

Azərbaycan millisi Syerra Leoneyə qalib gəldi, çempion oldu

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilmiş görüşü Özbəkistandan olan hakimlər briqadası idarə edib.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.

Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.

Bu dəfəki görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirmiş Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravali və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdes Ceyms iştirak ediblər.

FİFA Series-2026

30 mart

Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev (24. Rüstəm Əhmədzadə, 89), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (20. Rəhim Sadıxov, 46), 9. Renat Dadaşov (7. Toral Bayramov, 63), 10. Aleksey İsayev (26. Ayxan Hüseynov, 89), 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 80), 14. Elvin Bədəlov (4. Rahil Məmmədov, 46), 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 22. Musa Qurbanlı (11. Xəyal Əliyev, 46).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 25. Abdulla Rzayev.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia (7. Kvame Que, 83), 5. Alfa Turay, 9. Amadu Bakayoko (24. Cey Kamara, 86), 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu (12. Nataniel Jallo, 71), 15. Daniel Kanu (17. Samuel Qandi, 71), 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte (8. Alhassan Koroma, 71).
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia.
Baş məşqçi: Məhəmməd Kallon.

Azərbaycan – Syerra Leone: Heyətlər açıqlandı

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone matçının heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək bu görüşə saat 19:00-da start veriləcək.

Qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək. Oyunun baş hakimi Asker Nacafaliyev olacaq. Ona yan xətt hakimləri İslom Azimov və Baxtiyorxuca Şavkatov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

FİFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 11. Xəyal Əliyev, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 20. Rəhim Sadıxov, 24. Rüstəm Əhmədzadə, 25. Abdulla Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia, 5. Alfa Turay, 9. Amadu Bakayoko, 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu, 15. Daniel Kanu, 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte.
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 7. Kvame Que, 8. Alhassan Koroma, 12. Nataniel Jallo, 17. Samuel Qandi, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia, 24. Cey Kamara.
Baş məşqçi: Məhəmməd Kallon.

Azərbaycan – Syerra Leone matçı özbəklərə tapşırıldı

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Syerra Leone matçının hakimləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək. Oyunun baş hakimi Asker Nacafaliyev olacaq. Ona yan xətt hakimləri İslom Azimov və Baxtiyorxuca Şavkatov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Axrol Ruskullayev yerinə yetirəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək bu görüşə saat 19:00-da start veriləcək.

FİFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan millisi Syerra Leone yığması ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşacaq.

Sumqayıtda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.

Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirəcək. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.

FIFA Series-2026
30 mart

19:00. Azərbaycan – Syerra Leone
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qismət Alıyev: “Xalqımızı sabah da sevindirmək istəyirik”

Azərbaycan millisinin müdafiəçisi Qismət Alıyev “FIFA Series-2026” turnirində Syerra Leone ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Sumqayıtda üz-üzə gələcəklər.

Qismət Alıyev matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması UEFA Millətlər Liqası öncəsi çox vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

“Zirə”də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdirlər”.

Xatırladaq ki, sabah Sumqayıtda keçiriləcək Azərbaycan – Syerra Leone oyununa saat 19:00-da start veriləcək.

Ayxan Abbasov: “2026 ən yaxşı ilimiz ola bilər”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series-2026” turnirində Syerra Leone ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Sumqayıtda üz-üzə gələcəklər.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turnirdə ikinci oyunumuza çıxırıq. Rəqib isə ilk matçını keçirəcək. Bu mənada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Rəqib bu dəfə fərqlidir. İlk rəqiblə müqayisədə, reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyət gəlib. Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Hazırıq.

Sent Lüsiya ilə oyunda hava və meydança ağır idi. Amma rəqib də eyni şəraitdə oynayırdı. Fiziki yüklənmə baxımından çətin oldu. Buna baxmayaraq, ilk hissədə Rəhman Daşdəmirovdan başqa bütün futbolçuları dəyişdik. İkinci hissədə meydana girənlər də tempi yüksək tutdular, çox fərq hiss olunmadı.

Səhv etmirəmsə, ilk dəfədir millimiz Afrika təmsiçisi ilə qarşılaşır. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olar. Rəqib reytinqdə bizdən üstün ola bilər. Bu xalları elə-belə qazanmırlar. Fransa yüksək liqasında oynayan müdafiəçiləri var, topla yaxşı oynayırlar, texnikalıdırlar. Yaxşı oyun olacaq.

Heyətdə dəyişiklik olacaq. Buna ehtiyac var. Bəzi dəyişikliklər gözlənilir. Millidə 1-ci və 2-ci heyət aurasının olmamasını istəyirik. Çünki hamı hazır olmalıdır. Klubdan fərqli, ən yaxşılar buradadır. Rəqibə görə də nələrsə düşünəcəyik.

Bu turnirdə bərabərlik olandan sonra dərhal penaltilərə keçiləcək. Kimsə qalib gəlməlidir. Bu turniri təşkil edən FİFA-dır. Rəqibləri biz seçmirik. Hər bir rəqibə hörmət etməliyik. Bizdən də qat-qat güclü rəqiblərlə oynadıq. Onların bizə necə hörmət etdiyini gördük. Reytinqdə zəif olan komandalara da uduzmuşuq. Zəiflə də mübarizə aparmaq lazımdır. İlk görüşdə futbolçuların oyuna yanaşması düz idi”.

Ayxan Abbasov milli ilə müqaviləsinin müddətini açıqladı

Ayxan Abbasov həm “Şamaxı”, həm də milli komanda ilə müqaviləsinin müddətindən, eləcə də uğurlu nəticələri davam etdirmək imkanlarından da söhbət açıb:

“Klubla müqaviləmizin müddəti yayda bitir. Mili ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzkairə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Oyunlarımıza, nəticələrimizə əsasən qərarlar veriləcək.

Millidə qalib gəlmək məşqçi üçün çox böyük sevincdir. Hər məşqçinin arzusudur ki, millidə qalib gəlsin. Ardıcıl ikinci qələbə futbolçular və məşqçilər üçün böyük motivasiya olar. İstəyirik ki, ilin sonuna qədər yaxşı statistika yaransın. Yoldaşlıq görüşləri və qrupdakı rəqiblər imkan verir ki, yaxşı mübarizə aparaq, yaxşı nəticələr qazanaq. 2026 ən yaxşı ilimiz ola bilər.

Biz ötən il ağır oyunlar keçmişik. Fransa ilə iki ağır oyun oynamaq elə iki illik stressə bəs edir. Kənardan asan gələ bilər. Futbolçular da çox əziyyət çəkdilər. Ukrayna və İslandiya görüşlərdə də həmçinin. Qarşıda isə San Marino və Malta ilə oyunlarımız olacaq. Zəif rəqiblər deyil. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Bir çox rəqiblərlə danışırdıq. Amma rəqib də səni seçməlidir. Futbolçularımız avrokuboklarda, ÇL-də oynayacaqlar. Futbolçular boş dayanmırlar. Allah qoysa, problem olmaz”.

Ayxan Abbasov Syerra Leone ilə oyundan öncə jurnalistlərlə görüşəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov martın 29-da jurnalistlərlə görüşəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq.

Oyundan bir gün öncə Syerra Leone milli komandasının baş məşqçisinin mətbuat konfransı baş tutacaq. Daha sonra millimizə rəhbərlik edən Ayxan Abbasov jurnalistlər önünə çıxacaq. Rəqibin məşqi və mətbuat konfransı Sumqayıtda baş tutacaq. Millimizin son məşqi və mətbuat konfransı isə “Dalğa Arena”da təşkil ediləcək.

“FIFA Series – 2026”

29 mart

Syerra Leone milli komandası
18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Kapital Bank Arena”)

Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Con Storn: “Azərbaycan millisindən bu qədər qol buraxmaq istəməzdik”

Futbol üzrə Sent Lüsiya yığma komandasının baş məşqçisi Con Storn Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.

Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Con Stron oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Belə nəticəni gözləmirdim. İlk dəqiqələrdə qapımıza penalti təyin olundu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan. Nəticə məyusedicidir. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək bizi məyus edir. Burada daha bir oyuna çıxmağımız bizim üçün yaxşı olardı.

Azərbaycan millisi yaxşı təşkilatlanmış komandadır, topla yaxşı davranırlar. Oyundan əvvəl də demişdim ki, bu matça ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdır və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik”.

Ayxan Abbasov: “Belə havada oynamaq çətin idi”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Sent Lüsiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gəliblər.

Millimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevinib. Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında fikirlərini bildirib:

“Bu gün yağışlı havada bizi tək qoymayan azarkeşləri təbrik edirəm. Belə havada oynamaq çətin idi. Meydança ağırlaşdığından, hər iki komanda çətinlik çəkirdi. Erkən qol vurmaq istəyirdik və buna nail olduq. Özümüzə inam baxımından bu qalibiyyət sevindiricidir. Syerra Leone ilə matça ciddi hazırlaşacağıq. Növbəti rəqibimiz daha güclüdür. Azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan millisi bu turnir çərçivəsində növbəti oyununu martın 30-da Syerra Leone yığmasına qarşı keçirəcək.

Azərbaycan millisi tarixi qələbəyə sevindi

Azərbaycan millisi “FIFA Series-2026” beynəlxalq turnirində Sent Lüsiyaya keçirdiyi oyunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Ayxan Abbasovun yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşdə rəqibini 6:1 hesabı ilə məğlub edərək 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib.

Millimiz buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.

Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.

Xatırladaq ki, Azərbaycan millisi ölkəmizdə təşkil edilmiş “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Syerra Leone yığması ilə də qarşılaşacaq. Bu oyun isə martın 30-da baş tutacaq.

Azərbaycan millisi Sent Lüsiyaya 6 qol vurdu

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilmiş görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilmiş matçın baş hakimi Georgi Kruaşvili olub.

Yeddi qolun qeydə alındığı oyun millimiz üçün uğurlu alınıb. Belə ki, komandamız yekunda darmadağına sevinib.

Qeyd edək ki, bu, Azərbaycan millisi üçün 2026-cı ildə ilk oyun idi. Komandamız martın 30-da məhz bu turnir çərçivəsində Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series-2026
27 mart

Azərbaycan – Sent Lüsiya 6:1
Qollar: Emin Mahmudov, 2-pen. Rəhim Sadıxov, 21. Musa Qurbanlı, 37. Toral Bayramov, 64. Vüsal İsgəndərli, 86. Rüstəm Əhmədzadə, 89 – Donovan Filipp, 52-pen.
Baş hakim: Georgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Georgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 23. Rza Cəfərov (1. Səlahət Ağayev, 46), 14. Elvin Bədəlov (18. Cəlal Hüseynov, 46), 15. Bədavi Hüseynov (4. Rahil Məmmədov, 46), 2. Rəhman Daşdəmirov (15. Abdulla Rzayev, 74), 3. Elvin Cəfərquliyev (7. Toral Bayramov, 46), 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 13. Emil Səfərov (6. Abdulla Xaybulayev, 46), 20. Rəhim Sadıxov (26. Ayxan Hüseynov, 46), 8. Emin Mahmudov (k) (16. Ceyhun Nuriyev, 46), 9. Renat Dadaşov (11. Xəyal Əliyev, 46), 22. Musa Qurbanlı (19. Rüstəm Əhmədzadə, 46).
Ehtiyat oyunçular: 2. Aydın Bayramov, 5. Anton Krivotsyuk, 10. Aleksey İsayev, 24. Mustafa Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer (8. Trent Aleksander, 46), 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll (14. Ridel Stanislas, 46), 9. Donovan Filipp, 10. Şevon Biron (17. Jahlil Evans, 71), 11. Arkell Cud-Boyd, 13. Bayan Aman (18. Tyerri Morille, 88), 19. Alvinus Myers, 21. Şaquan Nelson.
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 12. Hemayel Çarleri, 15. Lester Jozef, 22. Mervin Sent Romain, 23. Darren Donaye.
Baş məşqçi: Stern Con.

Azərbaycan – Sent Lüsiya matçının başlama saatı dəyişdirildi

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series -2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək bu qarşılaşmanın vaxtı dəyişdirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan – Sent Lüsiya matçı üçün heyətlər də açıqlanıb. Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 21. Qismət Alıyev, 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. Aydın Bayramov, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Aleksey İsayev, 11. Xəyal Əliyev, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 19. Rüstəm Əhmədzadə, 24. Mustafa Əhmədzadə, 15. Abdulla Rzayev, 26. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Sent Lüsiya: 1. Devon Sent Priks, 4. Eymani Butçer, 5. Doneal Lionel, 6. Melvin Doksilli (k), 7. Kiqan Koll, 9. Donovan Filipp, 10. Şevon Biron, 11. Arkell Cud-Boyd, 13. Bayan Aman, 19. Alvinus Myers, 21. Şaquan Nelson.
Ehtiyat oyunçular: 16. Adee Germe, 3. Ayani Luis, 8. Trent Aleksander, 12. Hemayel Çarleri, 14. Ridel Stanislas, 15. Lester Jozef, 17. Jahlil Evans, 18. Tyerri Morille, 22. Mervin Sent Romain, 23. Darren Donaye.
Baş məşqçi: Stern Con.

Azərbaycan millisi Sent Lüsiya yığması ilə üz-üzə

Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq.

Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matçın baş hakimi Georgi Kruaşvili olacaq. Ona yan xətt hakimləri Levan Varamişvili və Georgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, bu, Azərbaycan millisi üçün 2026-cı ildə ilk oyundur. Komandamız martın 30-da məhz bu turnir çərçivəsində Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series-2026
27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Georgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Georgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Emin Mahmudov: “Nəticə bizim üçün vacibdir”

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Sent Lüsiya yığması ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz sabah “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sumqayıtda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Emin Mahmudov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Çünki özümüz də xeyli müddətdir qələbə qazana bilmirik. O uğursuz seriyanı bitirmək vacibdir. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.

Qeyd edək ki, Azərbaycan – Sent Lüsiya oyunu martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Ayxan Abbasov: “Hər iki oyuna maksimum nəticə üçün çıxacağıq”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Sent Lüsiya yığması ilə oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, millimiz sabah “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sumqayıtda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Ayxan Abbasov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu il ilk toplanışımızdır. UEFA Millətlər Liqasının oyunlarına qədər iki toplanışımız olacaq. Bundan maksimum istifadə etmək istəyirik ki, hazır olaq. Sevindirici hal odur ki, bu gün milliyə dəvət olunanların əhval-ruhiyyəsi, idman forması yaxşıdır. Bu da bizi sevindirir. Futbolçuların bir-birinə uyğunlaşması çox vacibdir. Çox vaxtımız olmayacaq. Rəqiblər bəllidir. Bizim üçün yad komandalar olsalar da, çalışdıq ki, futbolçularımıza məlumat verək. İnanıram ki, hər iki oyunda meydanda maksimum nəticə qazanacağıq. Futbolçular əllərindən gələni edəcəklər.

Milli komanda ötən il çox çətin qrupda mübarizə aparırdı. Rəqiblər bizdən qat-qat üstün idilər. Amma biz həmin millilərlə mübarizə apardıq. Futbolçularımızın istəyi göz önündə idi. İndi nəticə də istəyirik. Əsas məqsədimiz düşdüyümüz D Liqasından C Liqasına çıxmaqdır. Hazır olmaq üçün bu oyunlar vacibdir. Millinin toplanışı, bir yerdə olması çox baş vermir. Toplanışdan-toplanışa daha yaxşı olmaq üçün əlimizdən gələni edəcəyik”.

Ayxan Abbasov üçün hər futbolçu önəmlidir

Ayxan Abbasov “Kəpəz”in qapıçısı Yusif İmanovun bu toplanışa dəvət almamasına da aydınlıq gətirib:

“Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verərəm ki, niyə olmalıdır? Bizim üçün hər futbolçu önəmlidir. Yusifin legioner karyerası uğurlu alınmadı, “Kəpəz”ə qayıtdı. Bir neçə oyunda əsas heyətdə yerini itirmişdi. Son matçlarda yaxşı performans göstərdi. Qapıçı mövqeyi bizim üçün çətin mövqedir. Çünki çempionatımızda komandalar legionerlərə üstünlük verirlər. Rəqabət var. Hər dəfə millinin heyəti açıqlananda hansısa adlar önə çəkilir. Necə ki, Mahir Emreli Fransa ilə oynayanda məni çox qınadılar. Ondan sonra Mahirə qarşı öz klubunda fikirlər dəyişdi. Qol vurdu və hamı onun fotosunu paylaşıb, təbrik etdi. Biz 3 qapıçı çağırmışıq. Dördüncü qapıçımşız Şahruddindir. Həkimlərlə danışdıq, o, məşqlərə hazır idi. O, zədəni Fransa ilə görüşdə almışdı. Kapitanlarımızdandır. Dünya praktikasında da var ki, liderlik keyfiyyəti olan futbolçular zədəli olsa da, toplanışa dəvət edilir. Məşqlərdə çox əzmkardır. Biz bu günə baxmırıq, gələcəkdə Yusif və digərləri də çağırılacaq. Əvvəl deyirdilər ki, niyə Kamran İbrahimov və Mehdi Cənnətov dəvət edilmir? Ola bilər ki, qarşıdakı toplanışda Yusif də olsun.

Bu gün Səlahət Ağayev, Rza Cəfərov və Yusif İmanov stabil olaraq qapıda dayanır. Gənc qapıçı Xəyal Fərzullayev var. U-21 yığmamız da vacib oyunlara çıxır. Seçimləri azdır. Xəyalın da performansına baxırıq. Bu oyunlara hazırdır? O da yolu keçmək üçün böyük matçlar oynamalıdır. Yoxlanış üçün, turnirə hazırlaşmaq üçün vaxtımız yoxdur. İki toplanışımız olacaq. Heyətimizi bəlli etməliyik, futbolçular bir-birinə öyrəşməlidir. Sabah hansısa bizdən də güclü liqalarda qapıçı olarsa, birinci özümüz maraqlanacağıq”.

“Ümidimiz böyükdür”

Ayxan Abbasov klubda və millidə işləməyin çətinliyi barədə sualı da cavablandırıb:

“Premyer Liqada çətinliyi arxada qoyduq. Mövsümün əvvəlində qarşıya qoyulan ilk məqsəd Premyer Liqada qalmaq idi. Bilirdik ki, mövsüm çətin keçəcək. Klubda problem yoxdur. Millidə Ukrayna ilə matçda bir xal qazandıq. Adlar bizə bəlkə rahatlıq verir, Litva və Lixtenşteyn. Amma oyunlara baxanda, böyük fərqimiz yoxdur. Hər kəs problemlərimizi bilir, işə başlamalı, azarkeşlərə bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar. Aşağı yaş qrupları işləyəcək, düzələcək. Bu da klublardan gəlməlidir, klubların akademiyalarında futbolçular yetişir. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə, bizi sevindirir. “Neftçi”, “Sabah”, “Qarabağ”, “Zirə”dən gələnlər ən yaxşı formadadır. Liqada da yaxşı performans göstərirlər. Bu da millinin matçlarına təsir edəcək. Aşağı yaş qruplarındakı problemlərə gəlincə, uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna baxışı dəyişməyib. Bu da yığma komandalarımıza təsir edir.

Dördüncü toplanışımızdır. Milli üzvlərini əhval-ruhiyyəsini bu cür görməmişdim. Bəzi futbolçuların xırda zədələri var idi. Həkimlər xahiş etmişdi ki, istirahət etsinlər, amma onlar milliyə gəlmək istədilər. Onlar üçün də xoş deyil ki, 1 ildir qalib gələ bilmirik. Azərbaycanın adı var. Bu qələbələri qazanmalıyıq ki, azarkeşləri sevindirək. Məşqlər o qədər maraqlı keçdi ki, bəzi futbolçular yorulduqlarını dedilər. Çünki intensiv hazırlıq keçdi. İstək var. Futbolda hər bir nəticəyə hazır olmaq lazımdır. Ümidimiz böyükdür. Çalışacağıq ki, bu durumdan birlikdə çıxaq”.

Azərbaycan – Sent Lüsiya oyunu gürcülərə tapşırıldı

“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kruaşviliyə yan xətt hakimləri Levan Varamişvili və Georgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də keçiriləcək. Oyuna saat 19:00-da start veriləcək.

“FIFA Series – 2026”
27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Georgi Kruaşvili.
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Georgi Elikaşvili.
Dördüncü hakim: Koba Revazaşvili (Hakimlər briqadası Gürcüstandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan – Sent Lüsiya: Mətbuat konfransının vaxtı dəyişdi

Azərbaycan – Sent Lüsiya oyunundan öncə – sabah təşkil olunacaq mətbuat konfranslarının vaxtında dəyişiklik edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan – Sent Lüsiya oyunu “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Martın 26-da isə hər iki komandanın iştirakı ilə mətbuat konfransları və açıq məşqlər baş tutacaq. Həmin tədbirlərin vaxtını təqdim edirik:

26 mart

Sent Lüsiya milli komandası

18:15. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Toral, Xəyal və Rüstəm azarkeşlərlə görüşəcəklər

Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Toral Bayramov, Xəyal Əliyev və Rüstəm Əhmədzadə azarkeşlərlə görüşəcəklər.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Martın 24-də saat 11:30-da Sumqayıt Gənclər Evində keçiriləcək imza günü çərçivəsində futbolçular azarkeşlərlə bir araya gələcəklər. Onlar xatirə şəkilləri çəkdirəcək və imzalar paylayacaqlar.

Görüşün keçirilməsində əsas məqsəd azarkeşlərlə milli komanda üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir.

Ayxan Abbasov Sent Lüsiya ilə oyundan öncə jurnalistlərlə görüşəcək

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov martın 26-də jurnalistlərlə görüşəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər təşkil olunacaq.

Oyundan bir gün öncə Sent Lüsiya milli komandasının baş məşqçisinin mətbuat konfransı baş tutacaq. Daha sonra millimizə rəhbərlik edən Ayxan Abbasov jurnalistlər önünə çıxacaq. Rəqibin məşqi və mətbuat konfransı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionubda baş tutacaq. Millimizin son məşqi və mətbuat konfransı isə “Dalğa Arena”da təşkil ediləcək.

“FIFA Series – 2026”: Açıq məşq və mətbuat konfransı

26 mart

Sent Lüsiya milli komandası
10:30. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

“FIFA Series” turnirinin təqvimi və formatı dəyişdi

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Xatırladaq ki, turnirin daha öncə açıqlanmış təqvimi belə idi:

“FIFA Series – 2026”

27 mart
15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”.

19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”.

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan millisinin “FIFA Series” üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin bu ilin mart və aprel aylarında Bakıda keçiriləcək “FIFA Series-2026” turniri üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yığmamız martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

Baş məşqçi Ayxan Abbasov bu toplanışa bütövlükdə 27 futbolçu dəvət edib:

  1. Səlahət Ağayev – Qəbələ
  2. Şahrudin Məhəmmədəliyev – Qarabağ
  3. Aydın Bayramov – Zirə
  4. Rza Cəfərov – Qəbələ
  5. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  6. Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
  7. Rahil Məmmədov – Araz-Naxçıvan
  8. Elvin Bədəlov – Neftçi
  9. Bədavi Hüseynov – Qarabağ
  10. Rəhman Daşdəmirov – Sabah
  11. Abdulla Rzayev – Şamaxı
  12. Qismət Alıyev – Zirə
  13. Elvin Cəfərquliyev – Qarabağ
  14. Emin Mahmudov – Neftçi
  15. Rəhim Sadıxov – Turan Tovuz
  16. Mustafa Əhmədzadə – Araz-Naxçıvan
  17. Emil Səfərov – Neftçi
  18. Abdulla Xaybullayev – Sabah
  19. Xəyal Əliyev – Sabah
  20. Toral Bayramov – Qarabağ
  21. Ayxan Hüseynov – Turan Tovuz
  22. Rüstəm Əhmədzadə – Sumqayıt
  23. Aleksey İsayev – Sabah
  24. Vüsal İsgəndərli – Partizani (Albaniya)
  25. Ceyhun Nuriyev – Zirə
  26. Renat Dadaşov – Motor (Polşa)
  27. Musa Qurbanlı – Qarabağ

Qeyd edək ki, Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.

Azərbaycan millisinin oyunlarının təqvimini təqdim edirik:

27 mart

15:00. Oman – Syerra-Leone
“Dalğa Arena”.

19:00. Azərbaycan – Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

30 mart

15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”.

19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

❌