Qolf Federasiyasında yığıncaq
Aprelin 8-də “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin prezidenti Rauf Xəlilov çıxış edərək, bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra qurumun 2022-2025-ci illər ərzində gördüyü işlərə dair hesabat təqdim edilib. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.
Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezident, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər.
Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova komissiyanın sədri, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzvləri seçiliblər.