Reading view

“Şamaxı”nın legioneri: “Ən yaxşı nəticələr üçün çalışacağıq”

“Şamaxı” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.

Bölgə təmsilçisinin qapıçısı Rikardo Fernandes “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Liqada yerimizi demək olar ki, qorumuşuq. Məqsədimiz bundan sonra hər oyunda yenidən xallar qazanmaq, oyunumuzu yaxşılaşdırmaqdır. Ən yaxşı nəticələr üçün çalışacağıq. Çətin oyun olacağını bilirik – rəqib üçün qələbə çox vacibdir. Ona görə bütün güclərini ortaya qoyacaqlar. Biz də  çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq”.

“Şamaxı” son iki turda əvvəlcə “Zirə”, daha sonra “Qarabağ”la oyunda heç-heçə edib. Görüşlərdə qapıda inamlı performans sərgiləyən Fernandes çıxışını şərh etdi:

“Məqsədim komandaya kömək etməkdir. İki oyundan vacib xallar qazandıq. Hər məqam bizim üçün çox önəmlidir. Performansımızı belə saxlayıb, sona kimi xallarımızı artırmaq istəyirik. Meydana çıxanda bacardığımın maksimumunu etməyə çalışıram. İşim komandaya kömək olmaqdır”.

“Karvan-Yevlax” – “Şamaxı” oyununa saat 15:30-da start veriləcək.

Şahin Cəfərov

❌