Reading view

Nicat Abbasov Avropa ikincisi oldu!

Azərbaycan şahmatçıları Nicat Abbasov və Aydın Süleymanlı Avropa çempionatının gümüş və bürünc medallarını qazanıblar.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. Yarışın sonuncu – 11-ci turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər.

Son tura lider kimi qədəm qoymuş Nicat Abbasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplamış Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüblər. Nicat Abbasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurublar.

Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçımız gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Beləliklə, 43 ölkənin təmsil olunduğu Avropa çempionatında 2 medal Azərbaycan şahmatçılarına təqdim olunacaq. Yarışın yekunlarına əsasən, ilk dördlükdə üç Azərbaycan təmsilçisi qərarlaşıb.

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutmuş Teymur Rəcəbov qazandırıb.

Türkiyəli şahmatçı tarixə düşdü

Türkiyəli şahmatçı Yağız Kaan Erdoğmuş  2700 ELO reytinq səddini aşaraq şahmat tarixində bu səviyyəyə çatan “ən gənc qrossmeyster” ünvanını qazanıb.

Futbolpress.az xəbər verir ki, ​ Monakoda keçirilən turnirdə mübarizə aparan 14 yaşlı idmançı sabiq dünya çempionu Veselin Topalovu məğlub edərək elit şahmatçılar sırasına daxil olub.

​Bununla da Yağız Kaan 2700 ELO xalına çatan ən gənc şahmatçı kimi tarixə düşüb. Bu rekord əvvəllər 15 yaşında bu zirvəyə çatan çinli Vey İyə məxsus idi.

​Müqayisə üçün qeyd edək ki, dünyanın 1 nömrəsi Maqnus Karlsen, eləcə də Əlirza Firuzca və Qukeş Dommaracu bu səviyyəyə ancaq 16 yaşlarında çata bilmişdilər.

​Yağız Kaan həmçinin Türkiyə şahmat tarixinin ən yüksək ELO reytinqinə sahib idmançısı olub.

❌