Reading view

Məhəmməd Salah üçün “Liverpul” karyerası başa çatdı

Misir yığmasının və İngiltərənin “Liverpul” klubunun cinah hücumçusu Məhəmməd Salah üçün cari mövsüm erkən başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Misirli hücumçu Premyer Liqanın 34-cü turunda qarşılaşdıqları “Kristal Pelas”la oyunda bud əzələsindən zədə alıb. Onun təxminən 4 həftə sonra meydana qayıdacağı bildirilir. “Liverpul”un isə Premyer Liqada 4 oyunu qalıb. Bu isə o deməkdir ki, mövsümün sonunda “Liverpul”dan ayrılacaq 33 yaşlı oyunçunun İngiltərə klubundakı karyerası sona çatıb.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma futbolçu cari mövsümün sonunda ayrılmaq istədiyi üçün klub onun gedişinə razılıq verib.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində 39 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 440 oyun, 257 qol, 122 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 113 oyun keçirib, 65 qol vurub və 35 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

❌