Normal view

Today — 22 June 2026Main stream

Misir millisi tarixində ilk dəfə DÇ-də qələbə qazandı

22 June 2026 at 19:30

Misir millisi futbol üzrə dünya çempionatları tarixində ilk qələbəsini qazanıb, hücumçusu Məhəmməd Salah isə yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edərək tarixi uğura imza atıb.

Kanadanın Vankuver şəhərində keçirilmiş qarşılaşmada Yeni Zelandiya hesabı açsa da, misirlilər geridönüş etməyi bacarıblar. Yeni zelandiyalıların heyətində Finn Serman 15-ci dəqiqədə fərqlənib. Misirin qollarını isə Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqe (82) vurublar.

Bu qələbəyədək Misir millisi dünya çempionatlarının final mərhələsində keçirdiyi səkkiz oyunda üç heç-heçə edib və beş dəfə məğlub olmuşdu. Beləliklə, yığma mundial tarixində ilk qələbəsini doqquzuncu matçında əldə edib.

Məhəmməd Salah isə Misir yığmasının yeni rekordçusu olub. Təcrübəli hücumçu Misir millisinin tarixində qol vurmuş ən yaşlı futbolçu adına sahib çıxıb. O,, Yeni Zelandiya ilə matçda 34 yaş 6 günlüyündə qapıya yol tapmaqla Maqdi Abdelqaninin rekordunu geridə qoyub. Abdelqani 1990-cı ildə keçirilmiş Niderland ilə matçda qol vurarkən 30 yaş 320 günlük idi.

Yeni Zelandiya millisi isə dünya çempionatlarında dörd oyundan ibarət məğlubiyyətsiz seriyasını başa vurub. Okeaniya təmsilçisi 2010-cu il mundialında qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə etmişdi.

İki turdan sonra G qrupunda Misir 4 xalla turnir cədvəlinə başçılıq edir. İran və Belçikanın hərəsinin 2 xalı var. Yeni Zelandiya isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Qrup mərhələsinin son turunda Misir İranla, Belçika isə Yeni Zelandiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyulun 19-da başa çatacaq. Dünya çempionatında ilk dəfə 48 komanda iştirak edir. Turnirin son qalibi Argentina millisidir.

❌
❌