Reading view

“İmişli” bu yay 7 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü öncəsi toplanışa başlamış “İmişli” yay hazırlıq planını müəyyənləşdirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi növbəti mövsümün hazırlığına iyulun 8-dən start verib. Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək.

Bu müddətdə əyalət təmsilçisi iyulun 17-də “Şəfa”, iyulun 21-də “Qarabağ-2”, iyulun 24-də isə “Araz Naxçıvan”la yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də “Karvan”la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-nə qədər davam edəcək. Bu mərhələdə iyulun 31-də “Qəbələ”, avqustun 3-də isə “Sumqayıt”la yoxlama oyunları keçiriləcək.

“İmişli” hazırlıq çərçivəsində sonuncu yoxlama görüşünü avqustun 8-də Bakıda keçirəcək. Həmin oyundakı rəqibin adı daha sonra açıqlanacaq.

Yusif İmanov “İmişli”də!

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə hazırlaşan “İmişli” heyətini yeni qapıçı – Yusif İmanov ilə gücləndirib.

Arena.az bu barədə İmili klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, 23 yaşlı qolkiperlə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Yusif ötən mövsümü “Kəpəz”də keçirib. O, 2025-ci ilin noyabrından sözügedən komandanın uğurları üçün çalışırdı. 23 yaşlı qolkiper Gəncə klubunun heyətində 21 oyuna çıxıb, 26 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb. Amma mövsüm başa çatan kimi klub Yusiflə yollarını ayırmışdı.

Yusif İmanov daha öncə “Sabah”ın da formasını geyinib, həmçinin Kosovonun “Malişeva” klubunda legioner həyatı yaşayıb.

“İmişli” bu yay Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə və Sadiq Məmmədzadəni də heyətinə qatmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış əyalət klubu Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka ilə də yollarını ayırıb.

Sadiq Məmmədzadə “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 19 yaşlı qolkiperlə 2 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Sadiq Məmmədzadə futbolçu karyerasına “Səbail”də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra “Qarabağ”a qoşulmuş qapıçı, son mövsümü icarə əsasında “Difai”də keçirib.

Məmmədzadə həm də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüdür.

“İmişli” daha öncə Seyxan Fərəcov, Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadəni də heyətinə qatmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış əyalət klubu Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka ilə də yollarını ayırmışdı.

Yeri gəlmişkən, “İmişli” qapıçı məşqçisi Elşad Tahirovla əməkdaşlığı davam etdirməyə qərar verib. Klubla Elşad Tahirov arasında 1 illik yeni müqavilə imzalanıb.

Əyalət təmsilçisi həm də skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib. UEFA ASSIST proqramlarının məzunu olan Rəsul Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdir. O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.

Bəxtiyar Həsənalızadə “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 33 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Bəxtiyar Həsənalızadə son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib. O, 2024-cü ildən Naxçıvan klubunun uğurları üçün çalışsa da, bu yay sözügedən komandanı azad agent kimi tərk etmişdi. Müdafiəçi karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında da çıxış edib.

“İmişli” daha öncə Seyxan Fərəcov və Fərid Nəbiyevi də heyətinə qatmışdı. Əyalət klubu Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlayıb. Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas və Andrey Sinenka isə komandanı tərk ediblər.

Fərid Nəbiyev “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Fərid Nəbiyev son mövsümü “Kəpəz”də keçirib. O, 2025-ci ilin yayında yenidən “Kəpəz”ə qayıtmışdı. Lakin bu yay klubla müqaviləsinin müddəti başa çatmış Nəbiyev komandanı azad agent kimi tərk etmişdi. Yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu həmin dövrdə 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

“Qəbələ”nin yetirməsi olan Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni”, “Viktoriya” (Jijkov, Çexiya), “Turan Tovuz”, “Səbail” kimi klubların da formasını geyinib. Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

Zamir Həsənov “İmişli”də

UEFA Pro lisenziyalı futbol mütəxəssisi Zamir Həsənov bundan sonra Premyer Liqa təmsilçisi “İmişli”nin məşqçilər korpusunda çalışacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Həsənov əsas komandada köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.

Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” və “Səbail” Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.

Xatırladaq ki, “İmişli” bir neçə gün öncə baş məşqçi postuna sabiq çalışdırıcısı Fərid Namazovu gətirdiyini açıqlayıb.

❌