Reading view

Cebrail Makreçkis rəsmən “Qarabağ”da!

2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” heyətini yeni futbolçu – Cebrail Makreçkis ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub.

Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam komandasında çıxış edəcək. O, yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Almaniyada doğulmuş və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Qeyd edək ki, Makreçkis yay transfer pəncərəsində Ağdam klubunun 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi də “Qarabağ”a qoşulmuşdular. Pedro Bikalyo və Bədavi Hüseynovla isə yeni müqavilə imzalanıb. Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade də komandanı tərk ediblər.

“Qarabağ” “Ferentsvaroş”a sınaq matçında uduzdu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Macarıstan təmsilçisi “Ferentsvaroş”la üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 1:0.

Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın “Xarkov” kollektivinə də 2:6 hesabı ilə məğlub olmuşdu.

Avstriyadakı ilk yoxlama oyununda yerli “Tirol”a 4 cavabsız qolla qalib gəlmiş “Qarabağ” Bakıda da “Zirə”ni 4:3 hesabı ilə məğlub etmişdi.

Ağdam təmsilçisi Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə ayın 17-də Reykyavikdəki “Trottarvöllur” stadionunda baş tutacaq.

❌