Reading view

Murat Yakin: “Su fasiləsini gözləməyə qərar verdik ki…”

İsveçrə yığmasının baş məşqçisi Murat Yakin dünya çempionatının qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyunda İsveçrə millisi rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün vacib olan bütün enerjimizi meydanda qoymaq və həll yolları tapmaq idi. Bizə səbir göstərmək lazım idi. Taktiki dəyişiklikləri etmək üçün su fasiləsini gözləməyə qərar verdik ki, rəqibin buna reaksiya vermək imkanı olmasın.

Daha sürətli futbolçuları meydana buraxdıq və rəqib yorulduqdan sonra boş zonalar yaranmağa başladı. Biz də həmin boşluqlardan istifadə edərək matçın taleyini inamlı şəkildə həll etdik”.

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez də məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Su fasiləsinə qədər meydanda daha yaxşı oynayan komanda biz idik. Yaxşı çıxış edir, rəqibə təzyiq göstərirdik.

İsveçrə çox güclü futbolçulara malik yaxşı komandadır və onlar boş zonalardan istifadə etməyi bacarırlar. Nəticədə bizi cəzalandırdılar. Amma həyat belədir.

Bu, son 10 oyunda ilk məğlubiyyətimizdir, lakin həyat bununla bitmir. Qarşıda daha bir oyunumuz var və biz həmin matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Lopeteqi sevinc, Yakın acı içində

Futbol üzrə Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatının qrup mərhələsində İsveçrəyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında keçirilmiş oyunda hesabı İsveçrə yığması açsa da, Qətər millisi son anda bərabərliyi təmin edib – 1:1.

Xulen Lopeteqi bərabərliklə başa çatmış qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandamla fəxr edirəm. Oyundan əvvəl futbolçularıma demişdim ki, xal qazanmasaq belə, bu gün meydanda nümayiş etdirdikləri əzmkarlıq və intizamla fəxr edəcəyəm. Xoşbəxtlikdən, qolumuzu vurduq və hər şey yaxşı yekunlaşdı. Bu gün bir qədər də şans yanımızda idi. Amma həyatda və idmanda şans qazanmaq üçün əvvəlcə inanmalı və çox çalışmalısan. Buna görə də futbolçularım adına çox sevinirəm”.

İsveçrə millisinin baş məşqçisi Murat Yakın da bu qarşılaşmanı şərh edib:

“Əziyyətimizin qarşılığını ala bilmədik. Bu, həqiqətən acıvericidir. Lazımı nəticəni göstərə bilmədik. Futbolda “qol vurmayana vurarlar” prinsipi yenə öz sözünü dedi. Rəqib komanda çox yaxşı müdafiə olunurdu. Matç boyunca üstün olan tərəf idik. Sadəcə son saniyələrdə düşüncəsiz çıxış etdik və qapımızda qol gördük”.

❌