Reading view

Leandro Andrade “Qarabağ”ı Ukrayna klubuna dəyişdi

“Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade Ağdam klubundan ayrılaraq Ukraynanın “Polesye” komandasına keçib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” Andradenin transferi ilə bağlı Ukrayna klubunun təklifini və yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

Artıq “Polesye” də bu transferi rəsmən açıqlayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik (2029-cu ilin iyununa qədər) müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, “Polesye” Ukrayna Premyer Liqasında ötən mövsümü 3-cü yerdə başa vurub. Jitomir klubu növbəti mövsüm Avropa Konfrans Liqasında oynayacaq.

2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu bu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan Kubokunu qazanıb. Komandanın 2023/2024-cü illər mövsümündə Avropa Liqasının 1/8 finalına, 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022/2023 və 2024/2025-ci illər mövsümlərində Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023-cü illər mövsümlərimdə Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

Leandro Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.

❌