Reading view

Joao Feliks Səuddiyə Ərəbistanında ən yaxşı elan edildi

“Əl-Nəsr”in hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanı Peşəkar Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı portuqal futbolçu 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 33 oyunda 20 qol vurub, 14 məhsuldar ötürmə verib.

Feliks Ər-Riyad təmsilçisinə 2025-ci ilin yayında transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 47 oyun keçirib, 26 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Əl-Nəsr” 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı çempionu olub. Ər-Riyad klubunda Felikslə yanaşı, portuqaliyalı hücumçu Kristiano Ronaldo da çıxış edir.

Joao Feliks “Benfika”nın məzunudur. Futbolçu, karyersı ərzində Madrid “Atletiko”su, “Çelsi”, “Barselona” və “Milan”da (icarə) çıxış edib.

Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 52 oyun keçirib, 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Feliks Portuqaliya yığması ilə UEFA Millətlər Liqasını (2019, 2025) qazanıb.

Klub səviyyəsində Feliks “Benfika” ilə Portuqaliya çempionluğunu, Madrid “Atletiko”su ilə İspaniya çempionluğunu və “Çelsi” ilə Konfrans Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal futbolçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Kristiano Ronaldo “Əl-Nəsr”lə çempion oldu!

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turu çərçivəsində keçirilmiş “Damak”la oyunun iştirakçısı olub.

Ronaldonun komandası ev oyunundan qələbə ilə ayrılıb – 4:1. Portuqal futbolçu bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının son iki qolunu da Kristiano vurub. O, 63-cü və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Sadio Mane ilə Kinqsli Koman vurublar. Ronaldo 54-cü dəqiqədə sarı vərəqə də alıb.

“Əl-Nəsr” 34 turda topladığı 85 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2026/2026-cı illər mövsümünü çempion kimi başa vurub. Komanda keçirdiyi 34 oyunda 28 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Kərim Benzemanın şərəfini qoruduğu “Əl-Hilal” 84 xalla gümüş medalçı olub. Bürünc medallar isə 81 xala malik “Əl-Əhli”yə qismət olub.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 37 oyuna 30 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 142 oyun, 123 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə daha öncə Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

❌