“Turan Tovuz” məğlubedilməz rəqib deyil”
“Kəpəz” Premyer Liqanın XVI turunda bu gün “Turan Tovuz”la qarşılaşacaq.
Gəncə təmsilçisinin kapitanlarından Əli Səmədov “Futbolpress.az“a açıqlamasında komandadakı son durumdan və matçla bağlı fikirlərini bölüşdü:
“Komandada atmosfer yaxşıdır. “Qəbələ” ilə oyundan sonra ruh yüksəkliyi var. “Turan Tovuz”la oyunda da qələbə qazanıb, fasiləyə xoş əhvalda yollanmaq istəyirik. Düzdür, rəqib enişdə, biz yüksəlişdəyik. Komandamız daha yaxşı təsir bağışlayır. Oyundan-oyuna artırırıq. Özümüzə inanırıq. “Turan Tovuz” məğlubedilməz rəqib deyil. Hamı matça hazırdır. Qələbə qazanıb, istirahətə rahat yollanmaq istəyirik”.
Yarımmüdafiəçi bu mövsüm az şans qazanmasına toxundu:
“Hər futbolçu daim oynamaq istəyər. Oynasam da, oynamasam da, komandamın yanındayam. Məşqçilərin qərarına hörmətlə yanaşıram. Əsas heyətdə olmasam da, hər matçda şans qazanıram. Əsas odur, komanda qələbə qazansın”.
Səmədov dövrəni belə dəyərləndirdi:
“Mövsümün əvvəlində əvvəlki illərdə olan senari yaşandı. Çempionata yaxşı başlamadıq, sonradan toparlandıq. Hazırda hər şey qaydasındadır. Ehtiyacımız olan qələbələri qazanmağa başlamışıq. Mövsümün əvvəlinə baxanda indi çox yaxşıyıq. Hədəfimiz elitada qalmaqdır. Bacardığımız qədər xalları artırıb, yuxarı sıralara qalxmaq niyyətindəyik. Fikrimiz aşağı sıralarla fərqi artırmaq və irəli getməkdir”.
Şahin Cəfərov