Antonio Rüdiger “Real”la yeni müqaviləyə imza atdı
Futbol üzrə Almaniya milli komandasının mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya nəhəngi “Real”la yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
33 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn il başa çatacaqdı.
Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 182 oyun, 8 qol, 4 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 83 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.