Cordan Rezabala “Neftçi”yə lazım olmadı
Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” ekvadorlu hücumameyilli yarımmüdafiəçi Cordan Rezabala ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Neftçi” 26 yaşlı futbolçuya təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Corcan Rezabala ötən ilin yayında “Neftçi”yə transfer olunmuşdu. Ekvadorlu yarımmüdafiəçi bu komandanın heyətində 26 rəsmi oyun keçirib. O, bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralına qədər “Sumqayıt”ın formasını geyinmiş Rezabala Azərbaycan klubundan ayrıldıqdan sonra “Dorados Sinaloa”da çıxış edib.
Cordan Rezabala 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
Xatırladaq ki, “Neftçi” daha öncə Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla da yollarını ayırmışdı. Əvəzində paytaxt klubu hələlik Rüfət Abbasovu heyətinə qatıb.