Normal view

Yesterday — 26 December 2025Main stream

“Sarri ilə işləməkdən siqaret çəkməyə başladım”

26 December 2025 at 20:30

“Çelsi”nin sabiq müdafiəçisi David Luiz klubdakı məşqçi fəaliyyəti zamanı Mauritsio Sarrinin təsirindən danışıb. Hazırda “Latsio”nu çalışdıran Sarri 2018–2019-cu illərdə londonluların baş məşqçisi olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Kiprin “Pafos” klubunda çıxış edən braziliyalı futbolçu, ən xüsusi şəxsin Sarri olduğunu bildirib:

“Ən xüsusi şəxs Sarri idi. Hətta demək olar ki, onunla işləməkdən siqaret çəkməyə başladım… Hər gün məni kabinetinə çağırırdı və deyirdi ki, danışmalıyıq. Bir-iki siqaret çəkib söhbət aparırdı, mən isə deyirdim: “Xahiş edirəm, pəncərəni açın”. O isə cavab verirdi: “Sakit ol, futboldan danışmalıyıq”. O, fantastik məşqçi və insan idi”.

O, əlavə edib ki, Avropa Liqasının finalında qələbə qazandıqda Sarri medalı uşaqlar kimi sevincək qarşılayıb:

“Mən onun üçün çox sevinirdim, hətta karyeramda qazandığım bütün titulardan daha çox. Çünki o, böyük ehtirasla gəldi və bir ayda hər şeyi dəyişmək istəyirdi. Mən isə onlardan biri idim ki, onu sakitləşdirməyə çalışırdım: “Sakit ol, bura “Napoli” deyil”.

David Luiz həmçinin, Eden Hazardla (“Çelsi”nin sabiq futbolçusu) bağlı hadisəni xatırlayıb:

“O, Hazardın pressinq etməsini istəyirdi, əsəbiləşir və kağızları yerə atırdı. Mən ona izah etməyə çalışırdım ki, “Çelsi”nin oyun üslubu fərqlidir. İlk üç aydan sonra isə o, komandaya açıldı və biz də ona alışdıq. Nəticədə, komanda inkişaf etdi: Premyer Liqada üçüncü olduq və Avropa Liqasını finalda üstün oyunla qazandıq”.

“Çelsi” bu mövsüm UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Sarri ilə işləməkdən siqaret çəkməyə başladım” appeared first on Komanda.az.

❌
❌