Domeniko Berardi bir aylıq sıradan çıxdı
“Sassuolo”nun və İtaliya yığmasının vingeri Domeniko Berardi zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Berardi A Seriyası çərçivəsində qarşılaşdıqları “Komо” ilə matçın ikinci hissəsinin əvvəlində zədələnərək oyunu tərk etməyə məcbur olub. Komanda bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçunun zədəsi ciddidir. İtaliyalı futbolçu üçün 2025-ci il erkən başa çatıb. Onun təxminən bir aylıq sıradan çıxdığı, ən azı beş oyunu buraxacağı qeyd olunur.
Baş məşqçi Fabio Qrosso bu müddətdə hücum xəttində yaranan boşluğu doldurmalı olacaq. Bununla belə, Berardinin 2026-cı ilin yanvarında “Yuventus”a qarşı keçiriləcək oyuna qədər sağalıb qayıdacağına ümid edilir.
Domeniko Berardi “Sassuolo”nun yetirməsidir. Doğma klubu italyan vingeri “Yuventus”a satsa da, Berardi “Sassuolo”da çıxışına icarə əsasında davam edib. 2015-ci ilin iyulunda isə “Sassuolo” yetirməsini 10 milyon avro müqabilində “Qoca sinyora”dan geri alıb.
Cari mövsümdə Berardi “qarpız qabıqları”nın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib. Berardinin “Sassuolo”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 411 oyun, 152 qol, 112 məhsuldar ötürmə.
Domeniko Berardi 2018-ci ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 28 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. İtalyan vinger “skuadra adzurra” ilə AÇ-2020-nin qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı italyan sağ vingerin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.