Ferlan Mendi 5 ay futbolsuz qala bilər
Futbol üzrə Fransa millisinin və Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yenə uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı fransalı futbolçu İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Espanyol”a qarşı keçirdikləro və 2:0 hesablı qələbə qazandıqları matçın 14-cü dəqiqəsində xəsarət alaraq əvəzlənmək məcburiyyətində qalıb.
Tibbi heyət tərəfindən aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının düz əzələsinin vətərində zədə aşkarlanıb. Hazırda müayinənin yekun nəticələrinin dəqiqləşdirildiyi bildirilir. Təcrübəli müdafiəçinin təxminən 5 ay yaşıl meydanlardan uzaq qalmaq ehtimalı var.
Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Mendi “Real” üçün cəmi 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 210 oyun, 6 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.
“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.