“Hələ maksimum səviyyəmizə çatmamışıq”
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın 22-ci turunda “Elçe”yə qarşı keçirilən oyun haqda danışıb.
Yanvarın 31-də baş tutan qarşılaşma Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, komandanın inkişaf etdiyini, ancaq hələ də tam potensialına çatmadığını bildirib:
“Komanda olaraq inkişaf etməyə davam edirik, bu isə çox vacibdir. Amma hələ maksimum səviyyəmizə çatmamışıq. Adətən hücumları yaxşı tamamlayan futbolçularımız olur. Bəzən hansısa oyunda imkanları boşa verə bilərsən, əsas məsələ isə həmin epizodları yaratmağımızdır”.
De Yonq rəqib komandanın oyun tərzini də xüsusi vurğulayıb:
“Adətən komandalar bizə qarşı müdafiəyə çəkilir, amma “Elçe” çox cəsarətli komandadır. Onlar yaxşı futbol oynayırlar və bu da oyunu azarkeşlər üçün daha maraqlı edir”.
O, mövsümün həlledici mərhələsinin başladığını da diqqətə çatdırıb:
“İndi mövsümün ən həyəcanlı dövrünə daxil oluruq – Kral kuboku və UEFA Çempionlar Liqası oyunları, həmçinin, La Liqanın son mərhələsi bizi gözləyir”.
The post “Hələ maksimum səviyyəmizə çatmamışıq” appeared first on Komanda.az.