Normal view

Today — 28 May 2026Main stream

Joan Qarsiya “Rikardo Samora Mükafatı”nı qazandı

28 May 2026 at 14:00

“Barselona”nın 25 yaşlı ispan qapıçısı Joan Qarsiya 2025/2026 mövsümünün yekunlarına əsasən “Rikardo Samora Mükafatı”na layiq görülüb.

Arena.az xəbər verir ki, bu mükafat, İspaniya çempionatında mövsüm ərzində ən azı 28 oyuna çıxmış və hər oyunda ən azı 60 dəqiqə keçirmiş, bu oyunlarda orta hesabla ən az qol buraxmış qapıçıya verilir.

Joan Qarsiya “Barselona”ya 2025-ci ilin iyul ayında Kataloniya klubunun əzəli rəqibi “Espanyol”un düşərgəsindən keçib. “Barselona” Qarsiya müqabilində “tutuquşular”a 25 milyon avro məbləğində ödəniş edib.

Qarsiya geridə qalmış mövsümdə “Barselona”nın heyətində 45 oyuna çıxıb, 42 qol buraxıb, 18 matçda qapısını toxunulmaz saxlayıb.

İspan qolkiper daha öncə yalnız “Espanyol”un formasını geyinib. Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasında isə bu il debüt edib.

Qarsiya “Espanyol”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2025/2026-cı illər mövsümündə də “Barselona” ilə İspaniya çempionu olub, İspaniya Super Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı ispan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

❌
❌