Normal view

Today — 4 February 2026Main stream

“Neftçi”nin “xəyanət” etməkliyi

4 February 2026 at 19:22

Kürşad

“Qarabağ” “Nyukasl”la Çempionlar Liqasındakı səfər oyunundan əvvəl “Neftçi” ilə Pemyer Liqadakı matçının təxirə salınmasını istəyib. Peşəkar Futbol Liqası üzünü tutub “Neftçi”yə ki, hal-qəziyyə belədir, nə deyirsiz? “Ağ-qaralar” da amansızlıqla və qətiyyətlə cavab veriblər ki, “Qarabağ” getsin Çempionlar Liqasında topunu necə oynadır oynatsın, amma bizimlə oyun nəzərdə tutulan gündə (21 fevral) olmalıdır.

Adamın bir tərəfi “Neftçi”ni azərbaycanlı azarkeşlərə və binəva, biçarə Azərbaycan futboluna “xəyanət”də suçlamaq istəyir. Amma digər tərəfi də dilə gəlir ki, “ayə, “Qarabağ” Azərbaycan milli komandası deyil, öz bayrağı, gerbi, emblemi, topu, topxanası olan müstəqil klubdur, “Neftçi”nin də bu komanda kimi hədəfləri var, çempion olmaq istəyir, dəvənin quyruğu yerə dəyməmiş Çempionlar Liqasında tarix yazmağın xəyallarını qurur”.

Premyer Liqa və kubok oyunlarında “Qarabağ”ı boş tribunalarla baş-başa buraxıb, avrokubok oyunlarında stadionu dolduranlar heç azarkeş də deyil, adi tamaşaçılar, “sayın seyircilər”dir. And olsun Azərbaycan futbolu adına ilk “daş”ı qoyan kişinin müqəddəs ruhuna ki, sabah “Qarabağ” yox, “Sabah”, elə həmin “Neftçi” Avropa Liqasında, Çempionlar Liqasında uğurlu çıxış etməyə başlasa, bu gün avrokubok oyunlarında “köhlən atlar”a baxmaq üçün stadiona gedənlər ciblərinə doldurduqları tumları da götürüb keçəcəklər o komandaların tərəfinə.

Yəni…

İndi “Qarabağ” dəbdədir, öndədir, hətta əlçatmazdır, ona görə də, əksəriyyət hesab edir ki, komandaya güzəşt olunmalıdır, Çempionlar Liqasında daha başarılı olsun deyə, “Neftçi” dəstək verməlidir. Amma “Neftçi” özü belə düşünmür axı. Düşünməməsi də normaldır. Futbol rəqabətdir. Rəqabətdə isə əzəli rəqib hesab etdiyinə yol verməzlər, kömək etməzlər.

Hə, “Qarabağ”ın istəyini geri çevirdiyi üçün “Neftçi”ni qəlbinizin dərin guşələrində qınaya bilərsiz, amma asıb-kəsmək, ittiham etmək, “hökm oxumaq” bir az şey olur… Düzgün olmur.

The post “Neftçi”nin “xəyanət” etməkliyi appeared first on Komanda.az.

❌
❌