Merih Demiral “Əl-Əhli” ilə yeni müqaviləyə imza atdı
Futbol üzrə Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiral Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulmuş sözləşmə imzalanıb.
Ərəb klubunun türk futbolçu ilə əvvəlki müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Merih Demiral futbola “Karamürsel” klubunda qədəm qoyub. Buradan “Fənərbağça”nın futbol akademiyasında yol tapmış müdafiəçi sonralar Portuqaliyaya yollanıb. O, Portuqaliyada “Alkanenense” və Lissabon “Sportinq”ində çıxış edib. Sonralar türk müdafiəçi “Alanyaspor”, “Sassuolo”, “Yuventus” və “Atalanta”nın uğurları üçün çalışıb.
2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisi “Əl-Əhli” Merih Demiralı 16,6 milyon avro məbləğ müqabilində “Atalanta”dan tamhüquqlu keçid əsasında öz heyətinə qatıb.
Cari mövsümdə Demiral “Əl-Əhli”nin heyətində bütün yarışlarda 16 oyuna çıxıb. O, bu oyunlarda 1 qol da vurub. Türkiyəli müdafiəçinin bu komandanın heyətində ümumi göstəriciləri isə belədir: 81 oyun, 3 qol, 4 assist
Merih Demiral 2018-ci ilin noyabrında debüt etdiyi Türkiyə millisinin heyətində 61 oyun keçirib. Müdafiəi bu matçlarda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Merih Demiralın qənimətlər müzeyində “Yuventus”la qazandığı 3 kubok var – İtaliya A Seriya (2019/2020), İtaliya Kuboku (2020/2021) və İyaliya Super Kuboku (2020/2021). O, “Əl-Əhli” ilə də Asiya Çempionlar Liqasının (2024/2025) və Səudiyyə Ərəbistanı Super Kubokunun (2025/2026) qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.