Murad Musayev “Şəfa”da!
2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” heyətini Murad Musayev ilə gücləndirib.
Arena.az bu barədə Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
Murad Musayev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müdafiəçi 2012/2013-cü illər mövsümündə məhz bu komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib. Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Murad “Qəbələ” ilə 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.
31 yaşlı futbolçu karyerası ərzində “Zirə”, “Şüvəlan” və “Səbail”in formasını da geyinib.
“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev və Arsen Ağcabəyovla da güclənmişdi. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzade isə komandanı tərk ediblər.