Ralf Ranqnik: “Haqq etdiyimiz qələbəni qazandıq”
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatının qrup mərhələsində İordaniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların dörd qolluq görüşü Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ralf Ranqnik matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlarır söyləyib:
“Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır.
Bu, çox çətin oyun idi. İordaniya bizim işimizi xeyli çətinləşdirdi. Xüsusilə ikinci hissənin ortalarında özümüzə gəlmək üçün bizə müəyyən vaxt lazım oldu. Nəticədə haqq etdiyimiz qələbəni qazandıq, amma bunun üçün çox çalışmalı olduq.
Fasilədən sonra etdiyimiz əvəzetmələr və taktiki dəyişikliklər bizə böyük kömək göstərdi.
İordaniya? Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Açığı, belə bir oyun nümayiş etdirəcəklərini gözləmirdik.
Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı”.
Ranqnik hədəflərinin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib:
“28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır”.
“Biz bura sadəcə iştirak üçün gəlməmişik”
İordaniya millisinin baş məşqçisi Camal Sellami isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Birinci hissəyə çox müsbət başladıq, lakin rəqib yaxşı təşkilatlanmış komanda idi. Hesabı bərabərləşdirdikdən sonra rəqib ərazi üstünlüyünü ələ keçirdi.
Nəticə İordaniya komandasının nümayiş etdirdiyi fədakarlığı və mübarizəni tam əks etdirmir. Şəxsən mən komandamızın çıxışından çox razıyam.
Qalib gələ bilməməyimizin səbəblərindən biri də Avstriya yığmasının heyətində “Real” və “Bayern” kimi klublarda çıxış edən futbolçuların olmasıdır. Amma düşünürəm ki, bizim əldə etdiklərimiz də qürur mənbəyidir”.
Mütəxəssis Əli Olvanın tarixi qola imza atdığını da vurğulayıb:
“Ölkəmizin dünya çempionatları tarixindəki ilk oyununda qol vurduq. Əli Olvanın qolu bütün İordaniya xalqı üçün tarixi bir an idi. Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq. Hesab 1:1 olarkən avtoqol oldu və bu, oyunçularımın motivasiyasına təsir etdi. Sonda təyin olunan penalti isə nöqtəni qoydu”.
O, mübarizəni sonadək davam etdirəcəklərini bildirib:
“Biz bura sadəcə iştirak üçün gəlməmişik. Futbolçularımın göstərdiyi cəsarətdən qürur duyuram. Növbəti oyunlarda səhvlərimizi düzəldib qrupdan çıxmaq üçün sonadək vuruşacağıq”.