Riad Abbaszadə “İmişli”də
Son olaraq “Difai”nin formasını geyinmiş mərkəz yarımmüdafiəçisi Riad Abbaszadə bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “İmişli” PFK heyətinə yeni futbolçu cəlb edib. 25 yaşlı yarımmüdafiəçi Riad Abbaszadə bundan sonra sözügedən komandanın formasını geyinəcək. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla, elita təmsilçisi yeni futbolçusu ilə cari mövsümün sonunadək anlaşıb.
Riad daha öncə “Şüvəlan”, “Şamaxı-2”, “Qarabağ-2”, “Oskar” (Polşa), “Difai” kimi komandalarda forma geyinib. 25 yaşlı futbolçu 2025-ci ilin yayında “Difai”dən ayrılandan bəri işsiz idi.
Xatırladaq ki, “İmişli” cari mövsümün əvvəlindən Premyer Liqada mübarizə aparır. Elita təmsilçisi keçirdiyi 18 oyunda 18 xal toplayıb və 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.