Recep Uçar – “Rizəspor”un yeni baş məşqçisi!
Türkiyəli futbol mütəxəssisi Recep Uçar Super Liqada mübarizə aparan “Rizəspor” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında məlumat yayılıb.
Türkiyəli mütəxəssislə müqavilənin detalları barədə qarşıdakı günlərdə məlumat veriləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Recep Uçar son olaraq “Konyaspor” komandasını çalışdırıb. 50 yaşlı mütəxəssis daha öncə “Kayserispor”, “Ümraniyəspor” kimi komandalarda da baş məşqçi olub, “Beşiktaş”da baş məşqçinin köməkçisi olub.
Uçar “Rizəspor”da bir neçə gün öncə istefaya göndərilmiş İlhan Palutu əvəz edib. O, 2023-cü ilin iyul ayından “Rizəspor”a rəhbərlik edirdi. Bu müddətdə o, Rizə təmsilçisini 96 oyuna çıxarıb, 37 qələbə, 17 heç-heçə və 42 məğlubiyyət görüb.
“Rizəspor” Türkiyə Super Liqasında 14 turdan sonra 14 xalla 12-ci sırada qərarlaşıb. Komanda bu görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.