Leroy Mikels millidə debüt etdi, ilk oyunda qol vurdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Leroy Mikels Ruanda yığmasında debüt edib.
Arena.az xəbər verir ki, forvard “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Qrenadaya qarşı keçirilmiş matçda meydana çıxıb.
Oyuna start heyətdə başlamış Mikels 45+2-ci dəqiqədə qol vurub. Görüş isə Ruandanın qələbəsiylə başa çatıb – 4:0.
Xatırladaq ki, Leroy Mikels 2025-ci ilin yayında “Şamaxı”dan azad agent kimi ayrılaraq “Zirə”yə keçib. 30 yaşlı oyunçununun paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var. O, “qartallar”ın heyətində 23 oyuna çıxıb, 2 qola imza atıb.
Mikels 2024-cü ilin yayından “Zirə”yə keçənə qədər “Şamaxı”da çıxış edib. O, əyalət təmsilçisinin heyətində 24 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Mikels karyerası ərzində Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Sankt Pauli”, “Allemaniya Aaxen”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Rot-Veys Oberhauzen”, Bolqarıstanın “Spartak” (Varna), Səudiyyə Ərəbistanının “Əl-Tarayi” klublarında da çıxış edib.
Xatırladaq ki, Leroyun böyük qardaşı Coy-Lens Mikels uzun illərdir Azərbaycanda “Sabah”ın uğurları üçün çalışır. Coy-Lensin əkiz qardaşı Soy-Slayd Mikels də “Karvan”da forma geyinir.