Stefan de Vrey rəsmən “Panatinaikos”da!
Futbol üzrə Niderland milli komandasının təcrübəli müdafiəçisi Stefan de Vrey bundan sonrakı karyerasını Yunanıstanda davam etdirəcək.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu İtaliyanın “İnter” klubundan ayrıldıqdan sonra “Panatinaikos”la müqavilə imzalayıb.
Afina təmsilçisinin yaydığı məlumata görə, tərəflər arasında bağlanmış saziş 2027-ci ilin yayına qədər nəzərdə tutulub. De Vrey yeni klubuna azad agent statusunda qoşulub.
Təcrübəli müdafiəçi 2023-cü ildə “İnter”lə müqaviləsini uzatsa da, başa çatan mövsümdə əsas heyətdə müntəzəm oynamaq imkanı qazana bilməmişdi. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 11 oyunda meydana çıxıb.
De Vrey 2018-ci ildən “İnter”in şərəfini qoruyurdu. O, Milan təmsilçisinin heyətində 2 İtaliya çempionluğu, 2 İtaliya Kuboku, 3 İtaliya Super Kuboku qazanıb, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının finalında çıxış edib.
Peşəkar karyerasına “Feyenoord”da başlamış müdafiəçi daha sonra “Latsio” və “İnter”də forma geyinib. Niderland millisinin heyətində isə 70-dən çox oyun keçirən De Vrey 2014-cü il dünya çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, “Panatinaikos” 2025/2026 mövsümünü Yunanıstan Super Liqasında 4-cü pillədə başa vurub.