Vircil Van Deyk “Qarabağ”la matçda unikal nailiyyətə imza atıb
İngiltərənin “Liverpul” komandasının mərkəz müdafiəçisi Vircil Van Deyk UEFA Çempionlar Liqasında (ÇL) unikal nailiyyətə imza atıb.
Arena.az xəbər verir ki, 34 yaşlı oyunçu buna ÇL-in Liqa mərhələsinin 8-ci turunda qarşılaşdıqları Azərbaycan çempionu “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
Bu görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalan Van Deyk qitənin bir nömrəli klub turnirində bir matçda 3 assist etmiş ilk mərkəz müdafiəçisi kimi tarixə düşüb.
Xatırladaq ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 352 oyun, 31 qol, 16 məhsuldar ötürmə.
Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020, 2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 88 oyuna çıxıb, 11 qol vurub.
“Transfermarkt” internet-portalı 34 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.