Vitali Stepanovski “Neftçi”dən qovuldu
“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski və köməkçi məşqçi Oleq Qonçarov istefaya göndəriliblər.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.
“Ağ-qaralar” Azərbaycan Basketbol Liqasının 2025/2026-cı illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkir. Komanda 17 turdan yer aldığı A qrupunda 25 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan klubu Vitali Stepanovskini 2025-ci ilin iyul ayında baş məşqçi postuna gətirmişdi. Ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Krayova” (Rumıniya) komandalarını və ölkəsinin millisini çalışdırıb. Onun sonuncu iş yeri isə Estoniyanın “Parnu” klubu olmuşdu. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.