Vlad Pop “Şəfa”da – Rəsmi
Rumıniyadan olan 25 yaşlı mərkəz yarımmüdafiəçisi Vlad Pop bundan sonra Azərbaycan klubu “Şəfa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, yeni mövsümün hazırlığını davam etdirən “Şəfa” ilk legioner transferini reallaşdırıb. Sözügedən klub yarımmüdafiəçi Vlad Marian Popu heyətinə qatıb. Rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rumıniya U-21 millisinin sabiq üzvü olan Vlad Pop son olaraq “Unirea Sloboziya”nın formasını geyinib. O, sözügedən komandanın heyətində meydana çıxdığı 33 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
25 yaşlı futbolçu karyerası ərzində “Universitatya” (Krayova) və “Mioveni” kimi klublarda da çıxış edib. O, 2021-ci ildə debüt etdiyi Rumıniyanın U-21 yığmasının heyətində 5 oyuna çıxıb, Məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu da heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə imzalanıb. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyev isə komandanı tərk ediblər.