Tramp Baloqun məsələsinə aydınlıq gətirdi, Belçika isə…
ABŞ Prezidenti Donald Tramp Folarin Baloqunun diskvalifikasiyasının dayandırılması ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.
Arena.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında FİFA prezidenti Canni İnfantinoya qərarın necə verilməli olduğunu demədiyini vurğulayıb:
“Bu qərarla heç bir əlaqəm yoxdur. Sadəcə hesab edirdim ki, vəziyyətə yenidən baxılmalıdır. Mən FİFA-ya “belə etməlisiniz” deməmişəm. Yalnız qərarın yenidən nəzərdən keçirilməsini xahiş etmişəm. Çünki bunun qayda pozuntusu olduğunu düşünmürdüm. İnfantinoya nə etməli olduğunu deməmişəm. Mən ona nə edəcəyini deyə bilmərəm”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, qərarı İnfantino yox, FİFA-nın müvafiq komitəsi qəbul edib:
“Canni öz işini əla görür. Düşünmürəm ki, bu, onun qərarı idi. Qərarı böyük bir komitə qəbul edib”.
Tramp eyni zamanda Baloquna qırmızı vərəqə göstərən hakimin qərarını da şübhə altına alıb:
“Hər şey ondan başlayır ki, bu epizod ümumiyyətlə qayda pozuntusu sayılmamalı idi. Sonra isə həmin hakimin keçmişinə baxmaq lazımdır. Mənə görə o, kifayət qədər şübhəli hakimdir”.
ABŞ prezidenti hesab edir ki, Baloqunun Belçikaya qarşı 1/8 final oyununda iştirakına icazə verilməsəydi, bu, ədalətli olmazdı:
“Əgər Belçika bizi normal şəraitdə məğlub etsə, bununla fəxr edə bilər. Amma başqa cür qalib gəlsəydi, mən bunu 2020-ci il ABŞ prezident seçkiləri kimi saxtalaşdırılmış hesab edərdim”.
Xatırladaq ki, FİFA-nın İntizam Komitəsi ABŞ millisinin hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovinaya qarşı oyunda aldığı qırmızı vərəqəyə görə tətbiq edilən bir oyunluq cəzanın icrasını bir il sınaq müddəti ilə təxirə salıb. Bunun nəticəsində hücumçu Belçikaya qarşı 1/8 final matçında oynamaq hüququ qazanıb.
Belçika FİFA-nı manipulyasiyada ittiham etdi
Belçika Kral Futbol Assosiasiyası (RBFA) isə FİFA-nın prosesi qeyri-şəffaf apardığını iddia edib. Qurumun rəsmi açıqlamasına görə, onlar əvvəlcə FİFA-ya yalnız qərarın surətini və hüquqi əsaslarını tələb edən məktub göndəriblər. Lakin FİFA həmin məktubu özbaşına apellyasiya kimi qeydə alıb, dərhal hakim təyin edib və daha sonra müraciəti qəbuledilməz hesab edib.
RBFA-dan bildirilib ki, onlar sadəcə izahat istədikləri halda, FİFA özü apellyasiya prosesi yaradıb və eyni zamanda assosiasiyanın rəsmi sorğularını cavabsız qoyub.
Belçika tərəfi daha bir məqama da diqqət çəkib. Onların iddiasına görə, ABŞ yığması ilə oyundan öncə keçirilən texniki müşavirədə FİFA əvvəlki dörd matçdan fərqli olaraq təqdimatdan qırmızı vərəqə alan futbolçuların avtomatik diskvalifikasiyası ilə bağlı bölməni çıxarıb. RBFA bunun səbəbini həm şifahi, həm də yazılı şəkildə soruşsa da, heç bir cavab ala bilmədiyini bildirib.
Belçika Futbol Assosiasiyası bəyan edib ki, məsələ ilə bağlı hələ də FİFA-dan rəsmi qərar və ya hüquqi izahat almayıb. Buna görə də Baloqunun ABŞ – Belçika oyununda iştirak hüququna etiraz etməyə davam edəcək.
Assosiasiya vurğulayıb ki, qarşılaşmanın nəticəsindən asılı olmayaraq, futbolun etik prinsiplərinin, ədalətli rəqabətin və qaydaların qorunması naminə hüquqi mübarizəni davam etdirəcək.