Baloqun qərarı ABŞ və Belçika arasında gərginlik yaratdı
FİFA-nın ABŞ milli komandasının hücumçusu Folarin Baloqun ilə bağlı qərarı dünya çempionatında ciddi müzakirələrə səbəb olub.
Arena.az xəbər verir ki, FİFA-nın İntizam Komitəsi Baloqunun 1/16 finalda Bosniya və Herseqovinaya qarşı oyunda aldığı qırmızı vərəqə səbəbilə qüvvədə olan bir oyunluq diskvalifikasiyanı dayandırıb və ona Belçikaya qarşı 1/8 final matçında oynamaq imkanı verib.
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino bu qərarı ədalətli hesab etdiyini bildirib:
“Biz artıq bosniyalılara qarşı oyunda 30 dəqiqə azlıqda oynamaqla kifayət qədər cəzalandırılmışdıq. Bu, mənim ABŞ millisinin baş məşqçisi olmağımla bağlı deyil. Düşünürəm ki, insanların 99,9 faizi bunun ədalətsiz qırmızı vərəqə olduğunu qəbul edər”, – deyə argentinalı mütəxəssis vurğulayıb.
Belçika tərəfi etiraz edir
Belçika millisinin baş məşqçisi Rudi Qarsiya isə FİFA-nın qərarını sərt tənqid edib:
“Mən bilmirdim ki, dünya çempionatında və FİFA-da 5 iyul əslində 1 aprel imiş. Biz hansısa federasiyanı deyil, futbolu və oyunun ədalətini müdafiə edirik”, – deyə Qarsiya bildirib.
Belçika Futbol Assosiasiyası da qərardan rəsmi şəkildə apellyasiya verəcəyini açıqlayıb. Məlumata görə, qurum FİFA-ya müraciət edərək diskvalifikasiyanın ləğvinə yenidən baxılmasını tələb edib.
Siyasi müstəviyə daşınan mübahisə
Məsələ artıq siyasi səviyyədə də müzakirə olunur. Belçikanın xarici işlər naziri Maksim Prevo qərarın çoxlu suallar doğurduğunu bildirib:
“Keçmiş futbol hakimi kimi mən həmişə qaydalara əməl olunmasının və qərarların ədalətli verilməsinin tərəfdarı olmuşam. Bu qərar ciddi suallar yaradır”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, əgər cəzanın ləğvinə həqiqətən telefon zəngi səbəb olubsa, bu, idmanın əsas prinsiplərinə zərbə vurur və FİFA-nın ədalətli oyunu təmin etmək qabiliyyətini şübhə altına alır.
Trampın müdaxilə iddiası
“Reuters”in yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə FİFA prezidenti Canni İnfantinoya zəng edərək Baloqunun diskvalifikasiyasının ləğvini xahiş edib. Qərardan sonra Tramp sosial şəbəkədə FİFA-ya təşəkkür edərək federasiyanın “doğru addım atdığını və böyük ədalətsizliyi aradan qaldırdığını” yazıb.
Mübahisənin mərkəzində nə dayanır?
Folarin Baloqun Bosniya və Herseqovinaya qarşı oyunda müdafiəçi Tarik Muharemoviçə arxadan kobud müdaxilə etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Amma FİFA-nın İntizam Komitəsi Baloqunun bir oyunluq diskvalifikasiyasını bir illik sınaq müddəti ilə şərti cəzaya çevirib. Bu qərar sayəsində ABŞ millisinin bombardiri Belçikaya qarşı 1/8 final oyununda iştirak edə biləcək. ABŞ tərəfi bunu ədalətin bərpası kimi qiymətləndirir, Belçika isə qərarın dünya çempionatının reqlamentinə zidd olduğunu və oyunun dürüstlüyünə kölgə saldığını iddia edir.
ABŞ – Belçika qarşılaşmasının qalibi 1/4 finalda İspaniya – Portuqaliya duelinin qalibi ilə üz-üzə gələcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.