Habib Beye Marsel “Olimpik”indən ayrıldı – Rəsmi
Fransanın Olimpik (Marsel) klubu əsas komandasının baş məşqçisi, seneqallı mütəxəssis Habib Beye ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, tərəflər arasında əməkdaşlığa son verilib. Klub rəhbərliyi artıq yeni baş məşqçi axtarışına çıxıb.
Xatırladaq ki, 48 yaşlı seneqallı mütəxəssis 2026-cı ilin fevral ayında vəzifəsindən uzaqlaşdırılmış Roberto De Zerbini əvəz edərək Marsel təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.
Beyenin rəhbərliyi altında komanda mövsümün gedişində nəticələrini yaxşılaşdıraraq Fransa Liqa 1-ni 5-ci pillədə başa vurub və növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanıb.
Habib Beye məşqçilik karyerası ərzində daha əvvəl Fransanın “Red Star” və “Renn” klublarında da çalışıb.
Keçmiş futbolçu olan Beye oyunçu karyerası ərzində “Strasburq”, “Olimpik” (Marsel), İngiltərənin “Nyukasl Yunayted”, “Aston Villa” və “Donkaster Rovers” klublarının formasını geyinib.