U-15 dünya çempionatı Azərbaycanda! – Rəsmi
15 yaşadək oğlan futbolçulardan ibarət milli komandalar (U-15) arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, bu barədə FIFA Şurasının Bürosu qərar qəbul edib. Turnir bu il oktyabrın 22-31-də təşkil olunacaq.
Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.
Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.
Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.