Normal view

Yesterday — 18 June 2026ARENA.AZ

Fayzullayev DÇ-də yeni rekorda imza atdı

18 June 2026 at 21:00

Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vurmuş ən bəstəboy futbolçu olub.

Arena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun 1-ci turunda baş tutmuş Kolumbiya ilə oyunda bacarıb.

Türkiyənin “Başakşəhər” klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.

Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vurmuş uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.

Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Fayzullayev nəticədən narazı qaldıqlarını bildirib:

“Nəticəyə görə məyusuq. Heç olmasa bir xal qazana bilərdik. Uşaqlar meydanda sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. İlk dəqiqələrdə həyəcan hiss olunurdu, amma ikinci hissədə yaxşı oynadıq. Rəqibin ikinci qolu bizim öz səhvimizdən sonra vuruldu. Bu, çox üzücü oldu.

Həm stadiona gəlib bizi dəstəkləyən azarkeşlərə, həm də səhər saatlarında ekran qarşısında oyunu izləyən hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıda qalan iki oyuna yönəltmişik”.

Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub.

Yeri gəlmişkən, eyni gündə Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves də XXI əsrdə dünya çempionatlarında başla qol vurmuş ən qısaboylu üçüncü futbolçu kimi adını tarixə yazdırıb. O, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçirilən oyunda dünya çempionatlarının tarixinə düşüb. Portuqaliyalı yarımmüdafiəçinin boyu 174 santimetrdir.

Portuqaliya – Konqo DR matçı 1:1 hesabıyla başa çatıb.

Kannavaro: “Bura Özbəkistanı tanıtmaq üçün gəlmişik”

18 June 2026 at 09:00

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılmış özbəklər DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdığı Kolumbiyaya 1:3 hesabıyla məğlub olublar.

Fabio Kannavaro məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Maraqlı oyun alındı. İkinci hissədə matçın gedişatını dəyişə bildik. Sol cinah vasitəsilə təhlükəli hücumlar qurur, oyuna nəzarəti ələ almağa çalışırdıq.

Hər şeydən əvvəl biz bura Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən komandaya həmişə deyirəm ki, matç boyu fəal və cəsarətli oynamaq lazımdır. Kolumbiya kimi komandaya qarşı top olmadan oynamaq asan deyil.

Ümumilikdə ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq. Bu oyunu xatırlayacağıq, çünki o, tarixidir. Biz dünya çempionatındayıq. Deyə bilərəm ki, bu qarşılaşma bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik.

Futbolçularımla fəxr edirəm. Onlar yaxşı oynadılar. Bu gün çox çətin matç idi. Belə bir stadionda, belə azarkeşlər qarşısında oynamaq asan deyil. Amma bu, eyni zamanda əlavə motivasiya da verə bilər”.

Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenso isə qələbəni şərh edib:

“Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Qələbə böyük sevincdir. Lakin bir çox futbolçular yorğun təsir bağışlayırdılar. Bu, həm emosional, həm də fiziki gərginliklə bağlı idi.

Bundan əlavə, müəyyən çətinliklər yaşayırdıq, çünki hamı bizdən yalnız inamlı qələbə gözləyirdi. Düşünürəm ki, Özbəkistan yığmasının gücünü həqiqətən yalnız məşqçilər korpusu tam dərk edirdi”.

DÇ-2026: Özbəkistan debüt matçında məğlub oldu

18 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında debütant Özbəkistan millisi Kolumbiya yığması üz-üzə gəlib. Mexikoda (Meksika) təşkil edilmiş K qrupunun oyununda 4 qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Kolumbiya millisi olub.

Kolumbiyanın qollarını Daniel Munyos (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (60) fərqlənən oyunçu olub.

Xatırladaq ki, bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

DÇ-2026
K qrupu
18 iyun

Özbəkistan – Kolumbiya 1:3
Qollar: Abbosbek Fayzullayev, 60 – Daniel Munyos, 40. Luis Dias, 65. Xaminton Kampas, 90+9.

Növbəti oyunların proqramı belədir:

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

❌
❌