Normal view

Yesterday — 7 July 2026ARENA.AZ

Elyeser Mayenda “Sanderlend”i “Renn”ə dəyişdi – 22 milyonluq keçid

7 July 2026 at 16:00

İngiltərənin “Sanderlend” komandasında çıxış edən ispaniyalı hücumçu Elyeser Mayenda bundan sonra “Renn”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid Liqa 1 təmsilçisinə 22 milyon avro məbləğ müqabilində başa gəlib. Elyeser yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, 2031-ci ilin iyun ayının sonuna qədər müddət ərzində “qara-qırmızılar”ın xidmətində olacaq.

Elyeser Mayenda İspaniyada dünyaya gəlsə də, Fransa klublarının yetirməsi hesab edilir. 21 yaşlı mərkəz hücumçusu peşəkar karyerasına da “Soşo”da başlayıb. “Sanderlend” gənc forvardı 2023-cü ilin yayında cəmi 800 min avro müqabilində elə “Soşo”dan transfer etmişdi.

Mayenda “Sanderlend”in əsas komandasının heyətində 72 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət Şotlandiyanın “Hibernian” klubunda icarədə də olub.

İspaniyanın U-17 və U-21 yığmalarında oynamış Mayendaya əsas millidə debüt hələ qismət olmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

❌
❌