ABL: “Neftçi” “Abşeron Lions”a məğlub oldu
Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində baş tutmuş A qrupunun matçında “Abşeron Lions” qələbə qazanıb – 88:72.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” “Sərhədçi”ni (90:74), “Ordu” “Sumqayıt”ı (106:86), NTD isə “Şəki”ni (93:79) məğlub etmişdi.
9-cu turun “Sabah” – “Gəncə” oyunu, “Sabah”ın 16 dekabrda Almaniyada basketbol üzrə Çempionlar Liqasında “Alba”ya qarşı keçirəcəyi görüşə görə təxirə salınıb.
9 turdan sonra turnir cədvəlindəki vəziyyət belədir:
A qrupu: Abşeron Lions – 17. Sabah – 16. Gəncə – 12. Neftçi – 10. Şəki – 10. NTD – 10.
B qrupu: Ordu – 18. Naxçıvan – 16. Quba – 13. Lənkəran – 12. Sərhədçi – 11. Sumqayıt – 10.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.