Basketbol millimiz səfərdə Lüksemburqa qalib gəldi
Kişilərdən ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının (AÇ-2029) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv bu gün Lüksemburq yığmasının qonağı olub.
Səfər matçı yığmamız üçün uğurlu alınıb. Belə ki, Azərbaycan millisi bu görüşdə rəqibinə 76:74 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, millimiz daha əvvəl Şimali Makedoniyaya səfərdə 49:87, evdə 70:78, Lüksemburqa isə evdə 90:95 hesabı ilə uduzmuşdu. Azərbaycan milli komandası yalnız İrlandiyanı (76:75) səfərdə məğlub etmişdi.
5 turdan sonra A qrupunda Şimali Makedoniya yığması 10 xalla vahid liderdir. Lüksemburq 7 xalla ikinci, eyni xala malik Azərbaycan millisi üçüncüdür. İrlandiya yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.
Basketbol millimiz qrupdakı sonuncu oyununu iyulun 5-də Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək. Oyuna saat 17:00-da start veriləcək.