Normal view

Today — 21 December 2025Main stream

Kilian Mbappe Kristiano Ronaldonun qol rekordunu təkrarladı

21 December 2025 at 14:00

Fransalı futbolçu Kilian Mbappe portuqaliyalı hücumçu Kristiano Ronaldonun bir təqvim ilində “Real”da vurduğu qol rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, Mbappe İspaniya çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində baş tutmuş “Sevilya” ilə ev oyununda (2:0) komandasının ikinci qoluna imza atıb.

Nəticədə fransalı hücumçu 2025-ci ildə vurduğu qolların sayını 59-a çatdırıb. Ronaldo eyni göstəriciyə 2013-cü ildə imza atıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 23 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 83 oyun, 73 qol, 10 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Erlinq Haland Kristiano Ronaldonu geridə qoydu

21 December 2025 at 10:00

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə Kristiano Ronaldonu geridə qoyub.

Arena.az xəbər verir ki, İngiltərə çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turunda öz meydanında “Vest Hem”lə qarşılaşmış “şəhərlilər” 3:0 hesablı qələbəyə seviniblər.

Haland bu matçda komandasının qələbəsinə vurduğu 2 qolla töhfə verib. O, vurduğu ilk qolla Ronaldoya çatıbsa, ikinci qolla portuqaliyalı ulduzu geridə qoyub.

Hazırda norveçli hücumçunun hesabında Premyer Liqa çərçivəsində vurduğu 104 qol var. Ronaldo isə vaxtilə “Mançester Yunayted”in heyətində İngiltərə çempionatında 103 qol vurub. Haland həm də bu göstəriciyə Ronaldodan 122 oyun az keçirməklə çatıb – 114 oyun. Kristiano isə vaxtilə Premyer Liqada 236 oyun keçirib.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 25 qol vurub, 4 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 169 oyun, 149 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

❌
❌