“Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var” – MÜSAHİBƏ
“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Elmar bəy, hazırda nə işlə məşğulsuz?
– “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra ən çox ehtiyac duyduğum istirahət etmək idi. Həm dincəlirəm, ailəmlə vaxt keçirirəm, həm də çempionat və avrokubok oyunlarını izləyirəm.
– Gələcək planlarınız nələrdir? Yeni təkliflər gözləyirsiz, yoxsa, hələ ki, fasiləyə davam?
– Planlar əlbəttə, işləməklə bağlıdır. Hələ ki, real təklif yoxdur. Həm də, mövsümün bu dövründə hansısa ciddi təklif gözləmək və almaq çətindir. Hələ ki, gözləyirik.
– “Araz-Naxçıvan”la yolların ayrılması sizin üçün nə dərəcədə gözlənilən idi?
– Bu barədə bir neçə dəfə ətraflı açıqlama vermişəm. Klub rəhbərliyinin qərarı idi. Onlar mənimlə işləmək istəmədiklərini və mövcud olan müqaviləyə xitam vermək istədiklərini bildirdilər. Təbii ki, qarşı tərəfin niyyəti, fikri məlumdursa, orada qalmağın mənası yoxdur.
– Ötən mövsüm avrokuboklara qədər yüksələn komanda bu mövsüm niyə sabit oyun sərgiləyə bilmir? Sizcə, əsas səbəb nədir?
– Mən istefaya göndəriləndə komanda 16 oyundan 26 xal toplamışdı və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışdı. Üçüncü yerdəki komandadan iki xal az toplamışdıq. Halbuki, qarşıda hələ bizi 17 tur gözləyirdi və iki xallıq fərqi əritmək mümkün idi. Hər bir komandada yüksəliş və eniş dövrü olur. Bizim Premyer Liqada “Qarabağ”dan başqa, sabit oynayan və nəticə qazanan başqa komanda yoxdur axı.
“Araz-Naxçıvan”a gəldikdə, yayda heyətə 6-7 futbolçu cəlb etdik və bir neçəsinə əsas heyətdə şans verirdik. Onların yeni çempionata və komandaya uyğunlaşması vaxt aparırdı. Eləcə də, zədəli və cəzalı futbolçuların olması o dəqiqə hiss olunurdu. Çünki geniş heyətimiz yox idi. Bunların da hamısı yekunda komandanın oyununa və nəticələrinə təsirsiz ötüşmür.
– Komandanın heyət baxımından potensialı Premyer Liqada daha yuxarı yerlər üçün yetərli idi, yoxsa, transfer siyasətində problemlər var idi?
– Transfer elədir ki, bəyəndiyin hər futbolçu sən istəyəni verməyə bilər. İzlədiyin, klubunda lider olan oyunçu bəzən yeni komandaya, ölkəyə, mentalitetə uyğunlaşmaq baxımından problem yaşayır. Kimsə deyə bilməz ki, transfer etdiyimiz futbolçuların hamısı özünü doğrutdu. “Araz-Naxçıvan”ın durumunu az əvvəl izah etdim. Biz avrokubok zonasından cəmi iki xal geridə qalırdıq. Bunu da aradan qaldırmaq mümkünsüz deyildi.
– Mövsüm ərzində sizi ən çox narahat edən məqam nə oldu?
– Əsas müdafiəçimiz olan İqor Ribeyronu başqa kluba (“Neftçi”) satdıq. Bir də, bəzi futbolçuların potensialından aşağı çıxış etməsi. Görünür, bu da uyğunlaşma ilə bağlı oldu ki, potensiallarını tam aça bilmədilər.
– Sizcə, “Araz-Naxçıvan” rəhbərliyi sizə tam etimad göstərirdi?
– Ötən mövsüm etimad tam idi və daim yanımızda idilər. Ona görə də, yekunda üçüncü yeri tutduq, klubun tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandıq, hətta əksəriyyətin yeniləcəyi “Aris”lə iki oyunda yüksək performans göstərdik. Bakıda qələbə qazandıq, səfərdə heç-heçə edərək həm mərhələ adladıq, həm də ölkəyə reytinq xalları qazandırdıq. Amma cari mövsümdə, xüsusilə də, son iki ayda bu etimadı hiss etmədik. Tədricən soyuq münasibətin, uzaqlaşmağın şahidi olduq. Bunu futbolçular da görür, anlayırdılar. Səbəbini isə bilmirdim.
– Ukraynalı Andrey Demçenkonun baş məşqçi təyin olunmasına münasibətiniz necədir? Bu seçim klub üçün doğru addımdır?
– Bu, rəhbərliyin qərarıdır. Demçenko həmkarımdır, onunla bağlı fikir bildirməyim düzgün olmaz.
– Komandanı yaxından tanıyan biri kimi, sizcə, yeni baş məşqçini hansı çətinliklər gözləyir?
– Bu suala cavab verməyim etik cəhətdən düzgün deyil. Ona sadəcə uğurlar arzulayıram. Hadisələrin gedişi də göstərir ki, asan olmayacaq.
– Yəqin “Neftçi” ilə son turdakı matçı izləmisiz. Böyükhesablı məğlubiyyəti necə dəyərləndirirsiz?
– Tamaşaçı kimi televiziyadan izlədim. Gözlənilməz oldu. Xüsusilə də, hesabın belə fərqli olması. Son illərin statistikasına baxsaz, “Araz-Naxçıvan” “Neftçi” ilə duellərdə daha çox qalib gələn tərəf olub.
– Arxada qalan dövrə baxanda, “kaş ki, belə etməzdim” dediyiniz qərarlar var?
– Səhvsiz insan olmur. Səhv etmək də insana xas olan cəhətdir. Əsas olan səhvlərdən nəticə çıxarmaqdır. Geriyə boylanmıram, olanları da yenidən vərəqləmirəm. “Kaş ki” deməyi də xoşlamıram. Allahın qisməti nədirsə, onu da yaşayırıq.
– “Araz-Naxçıvan” sizin üçün nə ifadə edir?
– İşlədiyim, yaxşı işlər gördüyüm klubdur. İşlədiyimiz müddətdə çalışdıq ki, klubun tarixinə yaxşı nəticələr yazdıraq.
– Necə düşünürsüz, Azərbaycan futbolunda baş məşqçilərə münasibətdə səbr, dözüm yetərlidir?
– Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var. Niyəsə öz mütəxəssislərimizə ehtiyatla yanaşırıq, sanki, yaxşı nəticələr qazananda da şübhə ilə baxırıq. Ancaq əcnəbi məşqçilərin uğursuzluğuna uzun müddət dözülür. Yaxşıdır və ya pisdir, buna siz qiymət verin.
Fəxri Rüstəmli
The post “Məncə, əcnəbilərlə müqayisədə yerli məşqçilərə qarşı bir qədər amansızlıq var” – MÜSAHİBƏ appeared first on Komanda.az.