“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Mərdəkanda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azər Bağırov 1/4 finala vəsiqə qazandıqları matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Həm bizim, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım. Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik. Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə məğlub olduqları matçı belə şərh edib:
“Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik.
Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı çıxış etmək məcburiyyətindəyik”.