Kamilo Duran Kolumbiya millisinə çağırıldı – İlk dəfə!
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın vingeri Kamilo Duran karyerasında ilk dəfə Kolumbiya millisinə çağırılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu martda keçiriləcək yoxlama görüşləri üçün milliyə dəvət olunub. İndiyə qədər milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bumövsümkü çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orlando şəhərində baş tutacaq.
Xatırladaq ki, Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçib. 23 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Duran indiyə qədər “Qarabağ”ın heyətində 34 oyuna çıxıb, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.