Ayxan Abbasov: “Turnirin qalibi olduğumuz üçün sevinirik”
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Syerra Leone yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, millimiz “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Syerra Leone yığması ilə keçirilmiş final oyunundan (1:1, penaltilərlə 9:8) qalib ayrılıb.
Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi. İkinci oyunun ilk matçdan fərqli olacağını bilirdik. Birinci hissədə hücumda istədiyimiz kimi aqressiv ola bilmədik. İkinci hissəyə əvəzləmələrlə başladıq. Fasilədən sonra futbolçuların istəyi daha da artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Turnirin qalibi olduğumuz üçün sevinirik. Ancaq oyun göstərdi ki, rəqib güclü olduqca biz də artırmalıyıq. Yayda təşkil olunacaq təlim-məşq toplanışını da faydalı keçirərək UEFA Millətlər Liqasına hazır olmağa çalışacağıq.
Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik. Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradırlar. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. UEFA Millətlər Liqasındakı rəqiblərimizi də təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq”.
