Derbidə “Barselona” şousu: Yamal tarixə düşdü
İspaniya La Liqasının 31-ci turunda baş tutan Kataloniya derbisində “Barselona” doğma “Kamp Nou”da “Espanyol”u qəbul edib.
Futbolpress.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
“Barselona”ya qələbə qazandıran qolları Ferran Torres (9′, 25′), Lamin Yamal (87′) və Markus Reşford (89′) öz aktivinə yazdırıb. Xüsusilə ilk iki qolda Lamin Yamalın verdiyi məhsuldar ötürmələr diqqət çəkib. “Espanyol”un yeganə qoluna isə 56-cı dəqiqədə Pol Lozano imza atıb.
Bu matç 18 yaşlı Lamin Yamal üçün əlamətdar olub. İstedadlı ulduz La Liqada 100 oyuna çıxan ən gənc futbolçu kimi tarixə düşüb. Qeyd edək ki, Yamal cari mövsümdə liqada çıxdığı 27 matçda 15 qol və 11 asistlik performans sərgiləyib.
Əzəli rəqibi “Real Madrid”in xal itirdiyi həftədə qələbə qazanan “Barselona” xallarının sayını 79-a yüksəldib. Çempionatın bitməsinə 7 tur qalmış liderlə ikinci yer arasındakı xal fərqi 9-a çatıb. Derbidə uduzan “Espanyol” isə 38 xalda qalıb.
Gələn həftə “Barselona” “Selta Viqo”nu sınağa çəkəcək, “Espanyol” isə “Rayo Valyekano”nun qonağı olacaq.