“Həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik”
AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan “Araz Saatlı”nı cərimələyib.
Klub təhlükəsizlik üzrə menecer Xəyal Məmmədov və futbolçu Samir Məmmədovun rəqib oyunçuları və hakimləri təhqir etməsi səbəbindən iki min manat məbləğində cəzalanıb.
Klubun rəhbəri Ədalət Abdullayev “Futbolpress.az“a açıqlamasında qərarı şərh etdi:
“İntizam Komitəsinin qərarlarından xəbərdarıq. Arzuolunmaz haldır. Biz də olanları ciddi intizam pozuntusu kimi qiymətləndirir, həmin əməkdaş və futbolçu barəsində lazımi ölçünü götürəcəyik. Amma, təəssüf ki, bu kimi qurumlar bütün məsələlərə rasional yanaşır və bu prizmadan qərarlar çıxarır. Səbəbi yox, nəticəni qiymətləndirir. Olanlara haqq qazandırmaq niyyətindən tamamilə uzağam.
II Liqa yarımpeşəkar olsa da, biz daha çox peşəkar davranmağa çalışmalıyıq. Lakin, bu futboldur. Bəzən, emosiyaları idarə etmək çətin olur. Üstəgəl, bir mövsüm boyu bütün növ çətinliklərlə üzləşən kollektivi eyni tonusda saxlamaq, peşəkar davranmağa ilhamlandırmaq heç də asan olmur. Olanlardan nəticə çıxarıb, irəli baxmalıyıq. Qarşıda 5 final oyunu əhəmiyyətində oyunumuz var. Sakitləşib, soyuq başla oyunlara köklənməliyik”.
“Araz Saatlı” II Liqada 11 xalla sonuncu – 12-ci sıradadır.