Normal view

Yesterday — 26 April 2026Main stream

Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

26 April 2026 at 21:25

Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyunundan (1:5) sonra meydan sahibi komandanın məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Asan məsələ deyil, amma çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsə, nəticələr də  bir o qədər əlçatan olacaq. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, matçda maksimum güc sərf etmək lazımdır.

– “Qarabağ”ın yarımmüdafiə xəttinə qarşı hansısa planınız var idi?
– Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmədiyimizi düşünürsünüz? Kadi Borges, Yankoviç kimi futbolçular Çempionlar Liqasında böyük komandalara qarşı səviyyəsini göstərib. Bizim oyunçular da bu sualı özlərinə verməlidir: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər olaraq da bu sualı özümüzə verəcəyik. Həqiqətən, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik? Hər kəs bunu qəbul etməli, başa düşməlidir. Hər futbolçu öz ambisiyasını “Neftçi”dən öncə saxlamalıdır. Klub oyunçulardan böyükdür.

– “Qarabağ”ın start heyətində Musa Qurbanlı var idi. Bu gün onun qarşısını ala bilməməyiniz nə ilə bağlıdır?
– Suala necə cavab verəcəyimi bilmirəm. Rəqibi təhlil etmişdik. Sadəcə Musa həmin epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz mövqeyimizi bilməliyik, oyunu təhlil etməli və nəticə çıxarmalıyıq. Hesaba görə azarkeşlərdən üzr istəyirəm.

– Bu hesabın dörd gündən sonra təkrarlanmaması üçün nə etmək lazımdır?
– Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəyə nail olacağıq.

– Məğlubiyyət sona dörd tur qalmış komandaya inamsızlıq gətirə bilər?
– Psixoloji təsirlər olacaq, lakin peşəkar futbolçu belə məğlubiyyətlərdən çıxmağı bacarmalıdır.

– Danışığınızdan elə hiss olunur ki, futbolçularda intizamsızlıq var…
– Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəflərinə çatması üçün çalışmalıdır. Hər kəs başa düşməlidir ki, “Neftçi”də oynamaq üstünlükdür.

Şahin Cəfərov

❌
❌