Normal view

Before yesterdayMain stream

Xviça Kvaratsxeliya ÇL-in tarixinə düşdü

7 May 2026 at 17:00

UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”lə cavab oyunu PSJ-nin gürcü hücumçusu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Münhendə baş tutmuş cavab matçında (1:1) məhsuldar ötürmə müəllifi olan futbolçu ardıcıl 7-ci oyunda qolun vurulmasında iştirak edib.

Bununla da o, Çempionlar Liqasının tarixinə düşüb. Kvaratsxeliya turnir tarixində pley-off mərhələlərində bu göstəriciyə imza atmış ilk oyunçudur.

Xviça cari mövsümdə ÇL-də 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xatırladaq ki, PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarında heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 76 oyuna çıxıb, 26 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 49 oyuna 22 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Markinyos Roberto Karlosun ÇL rekordunu qırdı

7 May 2026 at 16:00

Futbol üzrə Braziliya milli komandasının və Fransanın PSJ klubunun kapitanı Markinyos UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Arena.az xəbər verir ki, “Bayern”lə yarımfinalın cavab matçda meydana çıxmış müdafiəçi turnirdə ən çox oyun keçirən braziliyalı futbolçu olub.

Bu, 32 yaşlı futbolçunun ÇL-dəki 121-ci matçı olub.

Təcrübəli müdafiəçi ötən gecə keçirilən görüşdən sonra Roberto Karlosa məxsus rekordu qırıb. Keçmiş müdafiəçi UEFA Çempionlar Liqasında 120 oyun keçirmişdi.

Xatırladaq ki, Markinyos PSJ-yə 2013-cü ilin iyul ayında 31,4 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Braziliyalı müdafiəçinin Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə braziliyalı müdafiəçi PSJ-nin heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub.

Markinyosun Fransa nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 520 oyun, 43 qol və 12 məhsuldar ötürmə.

Braziliyalı futbolçu PSJ ilə 10 dəfə Fransa Liqa 1-in, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Fransa Liqa Kubokunun, 10 dəfə Fransa Super Kubokunun, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun qalibi olub.

Markinyos 2013-cü ilin noyabrında debüt etdiyi Braziliya millisinində 104 oyuna 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2016-cı il Rio-de-Janeyro Olimpiadasınını qalibi olub, həmçinin, 2019-cu il Amerika Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

ÇL tarixində ilk dəfə iki ispan baş məşçqi üz-üzə

7 May 2026 at 15:00

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) tarixində ilk dəfə iki ispaniyalı baş məşqçi bu turnirin finalında üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu, İngiltərənin “Arsenal” və Fransanın PSJ komandalarının həlledici matça vəsiqə qazanması sayəsində mümkün olub.

London təmsilçisində Mikel Arteta, Paris klubunda isə Luis Enrike titula sahib çıxmağa çalışacaq.

Əvvəllər UEFA Çempionlar Liqası və Çempionlar Kubokunda eyni ölkə mütəxəssisləri 4 dəfə münasibətlərə aydınlıq gətiriblər.

Bu, 1979-cu ildə “Nottinqem Forest” (Brayan Klaf) – “Malmö” (Bob Hafton), 2003-cü ildə “Yuventus” (Marçello Lippi) – “Milan” (Karlo Ançelotti), 2013-cü ildə “Borussiya” (Dortmund, Yurgen Klopp) – “Bayern” (Yupp Haynkes), 2020-ci ildə PSJ (Tomas Tuxel) – “Bayern” (Hansi Flik) matçlarında yaşanıb.

Onlar müvafiq olaraq İngiltərə, İtaliya və Almaniyadan (hər ikisi) olan baş məşqçilər idilər. İspaniyalı mütəxəssislər isə ilk dəfə ÇL-in finalında qarşılaşacaqlar.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 30-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Luis Enrike: “Ardıcıl 2-ci dəfə finala çıxmaq inanılmazdır”

7 May 2026 at 14:00

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirdikləri cavab matçını şərh edib.

Arena.az xəbər verir ki, Fransa və Almaniya nəhəngləri arasında ötən gecə Münhendə baş tutmuş cavab görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İlk oyunda 5:4 hesablı qələbəyə sevinmiş Paris klubu finala yüksəlib. Luis Enrike matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, çox yüksək səviyyəli matç idi. Oyuna inamlı başladıq, qoldan sonra isə daha çox imkanlarımız yarandı. Yenidən necə komanda olduğumuzu göstərdik və lazım olduğu kimi çıxış etdik. Ardıcıl ikinci dəfə finala çıxmaq inanılmazdır. Biz çox xoşbəxtik”.

İspaniyalı mütəxəssis finala qədər asan yol keçmədiklərini bildirib:

“Püşk bizi ən çətin rəqiblərlə üz-üzə qoydu. Necə ki, tez-tez olur. Buna baxmayaraq, yenə bir final oynayacağıq. Bu, klub üçün tarixi məqam və Çempionlar Liqasını qazanmaq uğrunda mübarizəni davam etdirmək baxımından şansdır. Ötən il tarix yazdıq və indi həmin impulsu qorumaq, kluba müsbət emosiyalar gətirmək istəyirik”.

Luis Enrike finalda qarşılaşcaqları “Arsenal” və onun baş məşqçisi Mikel Arteta haqda da fikirlərini bildirib:

“Arteta ilə çox yaxşı münasibətim var. Çünki o, çox gənc vaxtlarında “Barselona”da mənimlə komanda yoldaşım olub. Əla komanda qurub, bir neçə ildir orada çalışır və necə məşqçi olduğunu görmək mümkündür. Çətin olacağını başa düşürəm. Amma biz öz oyun üslubumuza və məqsədlərimizə inanırıq. Əminəm ki, sona qədər mübarizə aparacağıq”.

Xatırladaq ki, PSJ ilə “Arsenal” arasında final oyunu mayın 30-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

ÇL: PSJ yenidən finalda!

7 May 2026 at 01:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edib.

“Alyans Arena” stadionunda baş tutmuş qarşılaşmanı Portuqaliyadan olan Pineyro idarə edib.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi. Bu görüşdə isə 2 qol qeydə alınıb. Heç-heçə nəticəsində Fransa çempionu yenidən ÇL-in finalına yüksəlib.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin etmişdi.

Beləliklə, mayın 30-da Macarıstanın Budapeşt şəhərində baş tutacaq həlledici oyunda PSJ ilə “Arsenal” üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

Bayern (Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Harri Keyn, 90+4 – Usman Dembele, 3.
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

ÇL: İkinci finalçı Münhendə müəyyənləşir

6 May 2026 at 09:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün sonuncu finalçısı müəyyənləşəcək.

Arena.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda Almaniyanın “Bayern” komandası ÇL-in sonuncu qalibi PSJ-ni qəbul edəcək.

“Alyans Arena” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Paris şəhərində baş tutmuş ilk görüşdə PSJ 5:4 hesablı qələbəyə sevinmişdi.

Daha öncə İngiltərənin “Arsenal” komandası İspaniya təmsilçisi “Atletiko” üzərində qələbə sayəsində finala vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunları
5 may

Arsenal (İngiltərə) – Atletiko (İspaniya) 1:0
Qol: Bakayo Saka, 44.
Baş hakim: Daniel Zibert (Almaniya).
London. “Emireyts” stadionu.
İlk oyun – 1:1.

6 may

23:00. Bayern (Almaniya) – PSJ (Fransa)
Baş hakim: Pineyro (Portuqaliya).
Münhen. “Alyans Arena”.
İlk oyun – 4:5.

Əşrəf Hakimi “Bayern”lə cavab matçını buraxacaq – Rəsmi

1 May 2026 at 21:00

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı keçirəcəkləri cavab oyununu buraxacaq.

Arena.az xəbər verir ki, Almaniya nəhəngi ilə doğma meydanda baş tutmuş ilk oyunda (5:4) zədə almış futbolçu ətraflı tibbi müayinədən keçib.

Hakimi ombasından zədələnib. Klubdan verilən məlumata görə, Hakimi Münhendə keçiriləcək oyunu buraxmalı olacaq. Əgər PSJ finala vəsiqə qazanarsa, Hakimi parislilərin xidmətində ola biləcək.

Xatırladaq ki, PSJ və “Bayern” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması mayın 6-da Münhendə baş tutacaq. Bu cütün qalibi finalda “Atletiko” – “Arsenal” cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Əşrəf Hakimi Madrid “Real”ının yetirməsidir. İspaniya nəhəngi bir müddət Dortmund “Borussiya”sında (Almaniya) icarədə də olmuş müdafiəçini 2020-ci ildə 43 milyon avroya Milan “İnter”inə satıb. PSJ isə Əşrəfi 2021-ci ilin yayında 68 milyon avro müqabilində heyətinə qatıb. 27 yaşlı futbolçunun Paris klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Hakimi indiyə qədər Fransa nəhənginin heyətində 206 oyuna çıxıb, 28 qol və 44 məhsuldar ötürmə müəllifi olub.

2016-cı ildə Mərakeş yığmasında debüt etmiş Hakimi millinin heyətində 95 oyun keçirib, 11 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

❌
❌