“Neftçi”də hər zaman qarşıya yüksək məqsədlər qoyulur”
“Neftçi”nin U-19 komandasının baş məşqçisi Asif Ramazanov müsahibə verib.
Futbolpress.az müsahibəni təqdim edir:
– Öncə başlayaq mövsümün əvvəlindən…
– Rəhbərliyin qarşımıza qoyduğu məqsədlər var idi. 19 yaşlılarda plan üzrə, əsas da futbolçuların inkişafı ilə bağlı bir-iki yaş cavanlaşdırma etdilər. Tələblər qoyuldu ki, daha çox iki çempion komanda ilə, hansı ki, 2009 təvəllüdlü futbolçular U-16 liqasında, 2008-cilər U-18 liqasında çempion olmuşdular. İki kollektivin vəhdətindən komanda yaratmaq və U-19 liqada daha yüksək yerlər uğrunda oynamaq, gələcəkdə daha çox A və B komandaya oyunçu yetişdirmək və növbəti mövsüm üçün isə çempionluq üçün təməlli bir kollektiv formalaşdırmaq məqsədi qoyulmuşdur. Mövsümə bu yöndə başladıq.
– “Neftçi”yə U-19 liqasının ən gənc komandası demək olar. Hazırda kollektivdə çıxış edən futbolçulardan neçə faizi gələcəkdə karyerasını peşəkar səviyyədə davam etdirə bilər?
– Bizdə həm 2009, həm də 2008 yaş qrupunda kifayət qədər milliyə layiq oyunçu var. Hər yaş qrupunda say nisbətinə görə komandanın yarıdan çoxu perspektivlidir. Təbii ki, A komandaya tələblər başqadır, orda bəzi keyfiyyətlər olmalıdır, həm fitnes, həm də sosial baxımdan. Bu iki-üç il ərzində A komandamıza onların arasından 4-5 futbolçu verə bilsək, bizim üçün böyük uğur ola bilər. Belə deyək də, iki komandanın birləşməsindən 20-25 istedadlı futbolçu var. Ümid edirik ki, onların içindən A komanda düşə biləcək futbolçular olacaq.
– A komandanın məşqçilər korpusundan sizin komandanızın uşaqları ilə yaxından maraqlandığı kimsə var? Yəni növbəti mövsümdən kimisə əsas komandada görə bilərik?
– Mövsümün əvvəlində bir müddət baş məşqçi dəyişikliyi yaşandı. Həmin dönəmdə Sənan Qurbanov müvəqqəti olaraq komandaya rəhbərlik etdi. Ondan sonra bu tendensiya davam etdi və uşaqlar iki-iki, üç-üç A komandanın məşqlərinə cəlb olundular. Onlar həmin ab-havanı, əsas komandanın şəraitini, orda gedən məşq prosesini, peşəkar futbolçuların işə yanaşmasını yaxından gördülər. Demək olar ki, 12-14 nəfəri iki-iki məşqlərə göndərdik. Yuri Vernidub gələndən sonra da tendensiya davam etməyə başladı. Biz də bacardığımız qədər uşaqları ora göndərirdik. Əlavə olaraq da ev oyunlarımız, əsas meydançamız bazaya çox yaxındır… Köməkçi məşqçilər, baş məşqçi, idman direktorumuz, komandanın meneceri, klub prezidenti və akademiyanın direktorları – hamısı komandanı müşahidə altında saxlayır, izləyir, oyunlara gəlib baxırlar. Bu da uşaqlar üçün əlavə bir motivasiyadır. Yəni indidən deyə bilmərəm ki, mövsümün sonunda kimlər A komandaya yüksələcək, kimlər isə əvəzedici heyətə yollanacaq. Nə qədər çox getsələr bizim üçün bir o qədər yaxşıdı. Bizim əsas işimiz böyük komandalara futbolçu qazandırmaqdır. Əsas məqsəd isə kollektivi qorumaq, dediyim kimi, gələn il çempionluq uğrunda mübarizə aparmaqdır. Bu il də şansımız var idi, axıra qədər mübarizə apardıq, hələ heç nə dəqiqləşməyib, qarşıda son tur var. Çalışacağıq ki, bu oyunu da qələbə ilə başa vuraq.
– Çempionluq şansınız hələ də qalıb. Komandanın belə nəticə göstərəcəyinə inanırdınız?
– Mövsüm başlamazdan əvvəl yoldaşlıq oyunları keçirdik. Qarşılaşmaların 90 faizini də I və II Liqa klubları ilə üz-üzə gəldik. Bunu özümüz istəmişdik. Çünki rəqib komandada yaşlı, təcrübəli və vaxtilə millidə çıxış etmiş futbolçular da var idi. Həmin komandalarla başabaş mübarizələr apardıq, hətta qalib gəldiyimiz oyunlar da olub. Əvəzedicilər Liqasının komandaları ilə də qarşılaşmışdıq. Yaxşı siqnallar var idi ki, bu uşaqlar çempionatda uğurlu nəticə əldə edə bilər. İki dövrəli çempionatda rotasiyalı oyunlar da keçirdik, həm qalib gəldiyimiz, həm də uduzduğumuz matçlar oldu. Amma ümumi mənzərə gələcəyə ümid verirdi. “Altılıq”da da bunu nümunə göstərə bilərik. 10 oyunun 6-da qazanmışıq, 1-də heç-heçə etmişik. Hətta qol buraxmadan qalib gəldiyimiz matçlar da olub. Əsas rəqiblərimiz olan “Sabah” və “Qarabağ”a qarşı da başabaş mübarizə aparmışıq. Qarşıda son matç da var. Unutmayaq ki, rəqiblərin heyətində beş nəfər 2007-ci il təvəllüdlü futbolçu meydana çıxır, daha beşi isə ehtiyatda olur. Legionerləri də var – “Sabah”, “Qəbələ” və “Qarabağ”da çıxış edirlər. Bizdə isə legionerlərin sayı cəmi bir nəfərdir. O da son 3 ayda bizə qoşulan Fredi idi və çox da köməyi dəydi. Amma öz uşaqlarımız: 2009-cu il təvəllüdlü 9, 2008-ci il təvəllüdlü isə 12-14 nəfər birlikdə yaxşı iş görə bildik. Uşaqlar da sağ olsunlar. Rəhbərliyin də dəstəyini xüsusi qeyd etmək lazımdır.
– Artıq çempionat başa çatır və bir tur qalıb. Növbəti mövsüm üçün hədəfləriniz nədir?
– Mövsüm bitdikdən sonra rəhbərliklə iclasımız olacaq. Mösüm ərzində gördüyümüz işlərin yazılı və şiafahi hesabatın verəcəyik. Məşqçi təyinatları rəhbərlik tərəfindən müəyyənləşdirilir, bölgülər aparılır. Ondan sonra bilirik ki, hansı yaş qrupunda işləyəcəyik. Düzdür, biz məşqçilər öz aramızda gələn mövsüm üçün artıq planlaşdırma aparırıq. Amma rəhbərliyin bölgüsündən və məsləhətindən sonra birlikdə qərar veririk ki, gələn mövsüm hansı məqsədlər, hansı nailiyyətlər uğrunda mübarizə aparacağıq. “Neftçi”də hər zaman qarşıya yüksək məqsədlər qoyulur. Xüsusən də, U-17 və U-19 yaşlı komandalar üçün. Rəhbərlik tərəfindən bizə etimad göstərilsə, yeni mövsüm də komandamızı qoruya bilsək, əlavələr də edə bilsək, çempionluq üçün mübarizə aparacağıq. (newsport.az)