Bazumana Ture “Nyukasl”da – rekord transfer!
Kot-d’İvuar millisinin və Almaniyanın “Hoffenhaym” klubunun hücumçusu Bazumana Ture bundan sonra “Nyukasl”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi futbolçu ilə uzunmüddətli müqavilə imzalandığını bildirsə də, sözləşmənin müddəti açıqlanmayıb.
“Nyukasl” bu keçid üçün “Hoffenhaym”a 47 milyon avro ödəyib. Bundan əlavə, Almaniya klubu futbolçunun gələcək satışından da müəyyən faiz əldə edəcək. Bu transfer “Hoffenhaym” tarixində ən bahalı satış kimi qeydə alınıb.
20 yaşlı vinger transferdən sonra ilk açıqlamasında bunları deyib:
“Burada olduğum üçün çox xoşbəxtəm. Uşaqlıqdan Premyer Liqada “Nyukasl” kimi böyük klubda oynamağı arzulamışam. Bu klub böyük bir ailədir və bu, mənə meydanda ən yaxşı futbolumu göstərməyə kömək edəcək. Hər gün bu forma uğrunda əlimdən gələni edəcəyəm. Komanda yoldaşlarımla, azarkeşlərlə və klubdakı hər kəslə görüşməyi səbirsizliklə gözləyirəm. Həmçinin ilk dəfə “Sent Ceyms Park” stadionunda oynamaq üçün səbirsizlənirəm”.
Bazumana Ture 2025-ci ilin fevralında İsveçin “Hammarbü” klubundan “Hoffenhaym”a transfer olunmuşdu. O, Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 5 qol vurub və 15 məhsuldar ötürmə edib. Ötən mövsüm isə o, 32 matçda 5 qol və 12 assistlə yadda qalıb.
“Transfermarkt” portalına əsasən, kot-d’ivuarlı futbolçunun hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.